Azərbaycanda xarici dildə reklama icazə verilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda reklam qurğularında yerləşdirilən mətnlərdə dövlət dilindən başqa digər dillərdən də istifadəyə icazə verilir. 

"Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiqləməsi ilə mümkün olub. 

Sənədə əsasən, reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındığı formada göstərilməlidir.