Aparat rəhbəri: "Parlamentin payız sessiyası üçün çox məzmunlu plan tərtib edəcəyik"

Milli Məclisdə qəbul olunan qanunların əksəriyyəti, təxminən, 70-80%-i Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü əsasında təqdim olunan layihələrdir”.

“Report” xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O bildirib ki, parlamentin qanunvericilik işlər planı, əsasən, 3 istiqamətdə hazırlanır: “Birincisi, qanunvericilik təşəbbüsü hüququ olan subyektlərdən daxil olan sənədlərdir. Əlbəttə ki, bu hüquqdan ən çox Prezident İlham Əliyev istifadə edir”.

S.Mirzəyev vurğulayıb ki, ikinci istiqamət Milli Məclisin komitə və deputatları tərəfindən təqdim olunan qanunvericilik layihələridir: “Bu layihələr qeydiyyata alınır. Çünki layihəni üzə çıxarmaq üçün o bir çox mərhələ və razılaşmalardan keçməlidir. Bu sahədə biz bütün dövlət orqanları ilə çox sıx əməkdaşlıq şəkilində çalışırıq. Prezident Administrasiyası, Nazirlər Kabinetinin Aparatı, nazirliklər, dövlət komitələrinin rəhbər işçiləri ilə bu sahədə yaxından əməkdaşlıq olunur. Üçüncü istiqamət isə əlbəttə ki, birbaşa əhalidən gələn təkliflərdir. Bu da parlamentin Aparatında təhlil olunur. Ağlasığan məsələlər nəzərə alınır və biz çalışırıq ki, əhalinin təqdim etdiyi təkliflərə çox diqqətlə yanaşaq. Bu baxımdan çalışırıq ki, qanunvericilik işlər planında bütün bu üç aspekt öz əksini tapsın. İnanıram ki, payız sessiyası üçün çox məzmunlu plan tərtib edə biləcəyik”.