"Qarabağ" "Arsenal"a uduzaraq qrupda sonuncu yeri tutub - FOTOREPORTAJ

London. 14 dekabr. REPORT.AZ/ Ağdamın "Qarabağ" komandası Avropa Liqasında qrup mərhələsinin son oyununu keçirib.

"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi İngiltərənin paytaxtı Londonda "Arsenal"ın qonağı olub.

"Emirates" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 17-ci dəqiqədə çoxgedişli kombinasiyadan sonra Aleksandr Lyakazet vurub.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu görüşdə 5-li müdafiə taktikasına üstünlük verib. Müdafiənin mərkəzində kapitan Rəşad Sadıqov, Yakub Jezniçak və Bədavi Hüseynov, cinahlarda Maksim Medvedevlə Donald Gerrye yer alıb. Orta sahədə Qara Qarayev, Miçel və Simeon Slavçev, hücumda isə Abdullah Zubirlə Mahir Mədətov çıxış edib.

"Arsenal"ın baş məşqçisi Unay Emeri isə "11-lik"də təcrübəli futbolçu kimi zədədən dönən Loran Koselni, Məsut Özil və Aleksandr Lyakazetlə yanaşı, gənclərə şans verib.

Matç meydan sahiblərinin ərazi üstünlüyü şəraitində keçsə də, qonaqlar hesabın böyüməsinə imkan verməyiblər.

Bu məğlubiyyətdən sonra "Qarabağ" 3 xalla E qrupunu sonuncu pillədə başa vurub. Portuqaliyada "Sportinq"ə 0:3 hesabı ilə uduzan Ukrayna "Vorskla"sı da eyni xal toplayıb. Lakin Poltava təmsilçisi daha üstün top fərqinə görə 3-cü olub. "Arsenal" 16 xalla 1-ci, "Sportinq" 13 xalla 2-ci yeri tutaraq, 1/16 finala yüksəlib.

Foto: Aytən ABBASLI