Nigeriyalı gənclər BANM-də təhsil alacaqlar

Bakı Ali Neft Məktəbinin (BANM) BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNİTAR) ilə təhsil sahəsində əməkdaşlığı nəticəsində yeddi Nigeriyalı gənc 2019-2023 tədris illəri müddətində BANM-də neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alacaq.

Ali Məktəbdən "Report"a verilən məlumata görə, tələbələrin təhsili “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində BMT-nin ayırdığı təqaüdlər hesabına həyata keçirilir. Bu haqda Ali Məktəbin rektoru Elmar Qasımovun BMT-nin Təlim və Tədqiqat İnstitutunun icraçı direktoru, BMT-nin Baş katibinin müavini Nixil Set və Azərbaycanın Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov ilə görüşü zamanı müzakirə olunub.

N.Set BANM-lə əməkdaşlıqdan məmnun olduğunu, BANM-in mühəndislik təhsili sahəsində qabaqcıl olduğunu bildirib. O qeyd edib ki, BANM-in mühəndislik sahəsindəki keyfiyyətli təhsili, yüksək səviyyəli professor-müəllim heyəti, xarici şirkətlərdəki istehsalat təcrübələri və müxtəlif təcrübə proqramları Nigeriyalı tələbələrin peşəkar mütəxəssis kimi formalaşmasında önəmli rol oynayacaq. Daha sonra N.Set Keniya və Tanzaniya kimi neft-qazla zəngin ölkələrə diqqəti çəkərək həmin ölkələrdən olan gənclərin BANM-də təhsil alması təşəbbüsü ilə çıxış edib və təhsil perspektivlərini Ali Məktəbin kollektivi ilə müzakirə edib.

Təşəbbüsü yüksək qiymətləndirən E.Qasımov, dövlətin BMT-nin müxtəlif sosial layihələrini dəstəklədiyini bildirərək bu istiqamətdə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. O, neft-qaz sahəsində Heriot-Vatt Universitetinin tədris proqramlarını tətbiq edən BANM-in burada təhsil alan tələbələri sektorun aparıcı şirkətlərində yüksək istehsalat təcrübəsi ilə də təmin etdiyini vurğulayıb. Ali Məktəbin kampusunda yaşayış yerlərinin və idman-sağlamlıq kompleksinin xarici tələbələr üçün daha əlverişli şərait vəd etdiyini bildirən rektor, bugünki dünya standartlarına cavab verən BANM-in dünyanın istənilən ölkəsindən tələbələri qəbul etməyə hazır olduğunu deyib.

Azərbaycanın Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov isə layihənin BANM-in timsalında həm Azərbaycan üçün, eyni zamanda iştirakçı ölkələr də daxil olmaqla BMT-nin Təlim və Tədqiqat İnstitutu üçün böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Eyni zamanda o, Azərbaycanın gələcəkdə təhsil sahəsində xarici tələbələr üçün təqaüdlərin artırılması ideyasına diqqət çəkərək bunun strateji cəhətdən ölkə üçün vacibliyini vurğulayıb.

Daha sonra proqramın detallarını müzakirə edən tərəflər arasında ümumi razılıq əldə edilib.

Görüşün sonunda qonaqlarla xatirə fotosu çəkilib.

Nigeriyalı tələbələrin təhsili BANM-in BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNİTAR) ilə imzaladığı Memorandum əsasında həyata keçirilir. Memorandumun əsas məqsədi Nigeriyadan tələbələrin Azərbaycanda “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alması və Nigeriyanın neft sektoru üçün yararlı mütəxəssis kimi yetişdirilməsini təmin etməkdən ibarətdir. Anlaşma memorandumunun şərtlərinə əsasən BANM və UNITAR arasında eyni zamanda görüşlərin və seminarların təşkil olunması, birgə layihələrin reallaşdırılması, qarşılıqlı maraq dairəsində olan sahələrin birgə öyrənilməsi, mütəxəssislərin təmin olunması və hər iki tərəfin razılığı ilə nəzərdə tutulmuş digər fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.