Yaponiya səfiri: "Qarabağ münaqişəsi Azərbaycanın və ümumilikdə bütün regionun inkişafına mane olur" - MÜSAHİBƏ

Yaponiya səfiri: "Qarabağ münaqişəsi Azərbaycanın və ümumilikdə bütün regionun inkişafına mane olur" - MÜSAHİBƏ "Yaponiya bu məsələnin qəbul olunmuş qətnamələr, sazişlər və beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə tənzimlənməsini dəstəkləyir"
Xarici siyasət
23 Dekabr , 2014 17:14
Yaponiya səfiri: Qarabağ münaqişəsi Azərbaycanın və ümumilikdə bütün regionun inkişafına mane olur - MÜSAHİBƏ

Bakı. 23 dekabr. REPORT.AZ/ Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşinin "Report" informasiya agentliyinə müsahibəsi:

- Cənab səfir, ilk növbədə "Report" informasiya agentliyinin redaksiyası adından sizi və bütün Yaponiya xalqını İmperatorun ad günü münasibətilə təbrik edirəm. Azərbaycan və Yaponiya arasında münasibətlərin hazırkı inkişaf səviyyəsini necə qiymətləndirirsiniz? 

- Təbriklərə görə minnətdaram. 

İki ölkə arasında 1991-ci ildə diplomatik əlaqələrin qurulmasından 20 ildən artıq vaxt keçib, aramızda siyasi fikir ayrılığı yoxdur və demək olar ki, münasibətlər müvəffəqiyyətlə inkişaf edir. Bizim ölkəmiz Azərbaycanın müstəqil ölkə kimi inkişafını müxtəlif istiqamətlərdə olan iqtisadi yardım layihələri vasitəsilə hər zaman dəstəkləyib. Yapon şirkətləri Azərbaycanda son illər aparıcı sahə olan enerji layihələrində iştirak edirlər. Digər tərəfdən, biz  2011-ci ilin mart ayında Yaponiyanın şərqində baş verən dağıdıcı zəlzələdən sonra maddi və mənəvi dəstəyə görə Azərbaycana öz minnətdarlığımızı bildiririk. 

20 il elə də böyük müddət deyil və mən düşünürəm ki, iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı əlaqələr üçün hələ də geniş potensial mövcuddur. Həmçinin Azərbaycanın gənc dövlət olması və yüksək templərlə inkişaf etməyə davam etməsi faktını nəzərə alaraq, iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün böyük zəmin var. Bu baxımdan ötən ilin noyabr ayında İsmayıllı və İto şəhərləri arasında dostluq və əməkdaşlıq haqqında sazişin bağlanması faktına diqqət yetirmək lazımdır. 

Burada Yaponiyanın ölkənizdəki səfiri qismində olduğumdan bir ilə yaxın vaxt keçib və mən iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsi üçün əlimdən gələni edəcəyəm. 

- Cari ildə Azərbaycan paytaxtında Yaponiya biznes-festivalı keçirilib. Bu festivalın yekunları haqqında nə deyə bilərsiniz? Yaponiya sahibkarlarının Azərbaycanda fəaliyyət göstərmək maraqlarında artım müşahidə olunurmu və Azərbaycan iqtisadiyyatının hansı sahələri sərmayə qoyuluşu baxımından daha cəlbedicidir?

- Yaponiya biznes-festivalının uğurlu olması əsasən cənab Kadzuyasu İsidanın təşəbbüsü ilə bağlı olmuşdur. Cənab İsida Yaponiya iş adamlarının Azərbaycana sərmayə qoyuluşuna cəlb olunması üçün müxtəlif tədbirlər həyata keçirir və sərmayəçilər, həmçinin müxtəlif müəssisələrin nümayəndələri ilə birlikdə dəfələrlə Azərbaycana səfər edib.

Yapon dilini öyrənən böyük sayda tələbələrin olması və bu sahədəki əməkdaşlığımız sayəsində həmin biznes-festival böyük uğurla başa çatıb.

Bu günə qədər çoxlu orta və kiçik müəssisələr Azərbaycana maraq göstərib və bura öz nümayəndələrini göndərib, lakin Azərbaycana maraq göstərən orta və kiçik müəssisələrin nümayəndələrinin belə böyük heyətlə ölkəyə gəlməsi halları mənim bildiyim qədər hələ olmayıb. Düşünürəm ki, bunu Yaponiya iş adamlarının Azərbaycana maraqlarının kəskin artması kimi qiymətləndirmək olar. 

Azərbaycan iqtisadiyyatında iki ölkə arasında əməkdaşlıq üçün perspektivli olan çox sayda cəlbedici sahələr mövcuddur ki, onların arasında metallurgiya, avtomobil və kosmos sahələrini göstərmək olar. Yaponiya dəmir istehsalında çoxillik ənənələr və yüksək texnologiyalara malikdir və Azərbaycanda bu sahədə əməkdaşlıq etmək istəyən bir neçə müəssisə mövcuddur. 

Avtomobillərin istehsalına gəldikdə isə Yaponiyanın Azərbaycanla əməkdaşlığı öz bəhrəsini verib. Bu günə qədər Azərbaycanın əsas ixrac olunan məhsulu ənənəvi olaraq neft olub, lakin son zamanlar qeyri-enerji sektorunda da istehsalatın genişləndirilməsi müşahidə olunur. Azərbaycanda cari il "Sənaye ili" elan olunub. Azərbaycanın "Aztexnika" müəssisəsi Yaponiyanın "İSUZU" şirkətinin yük maşınlarının yığılması üzrə zavod tikib və artıq bu yük maşınlarının istehsalına başlanılıb. Məndə olan məlumata görə, gələn il yuxarıda qeyd olunan işlər üzrə tam təchiz olunmuş zavodun tikintisinin başa çatdırılması nəzərdə tutulub.

- Cənab Takahaşi, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq səviyyəsini necə qiymətləndirirsiniz? Əmtəə dövriyyəsi nə səviyyədədir?

- Yaponiya Azəri-Çıraq-Günəşli neft yataqlarından başlayaraq enerji sektoru layihələrinə sərmayə qoyub, həmçinin enerji sektoruna sərmayə qoyuluşunu davam etdirmək niyyətindədir. Lakin açıq danışsaq, əmtəə dövriyyəsinin hazırkı səviyyəsi bir o qədər də qənaətbəxş deyil. Biz iki ölkə arasında əmtəə dövriyyəsinin artacağına ümid edirik. 

Yaponiyadan Azərbaycana ixrac olunan əsas məhsul avtomobillərdir. 

Azərbaycandan isə əsasən neft ixrac olunur, lakin buradan neftin daşınması çox mürəkkəb prosesdir. Bu səbəbdən Azərbaycandan Yaponiyaya ixrac səviyyəsi çox aşağıdır. Biz ümid edirik ki, Azərbaycanın qeyri-enerji sektoru və iki ölkəni birləşdirən və bununla da ikitərəfli əmtəə dövriyyəsini artıran infrastruktur inkişaf edəcək.

- Azərbaycan və Yaponiyanın kosmik sənayesi sahəsindəki əməkdaşlıq perspektivləri nə səviyyədədir? 

-  Kosmos sektoru iki ölkə arasında mümkün iqtisadi inkişafın ən perspektivli istiqamətlərindən biridir. 2013-cü ilin fevral ayında Yaponiya və Azərbaycan arasında kosmik sektoru mövzusunda seminar təşkil olunub və Yaponiyanın kosmik texnologiyaları burada nümayiş edilib. 

Yaponiya süni peyklərin istehsalı ilə məşğul olan, eləcə də süni peyki və kosmik təyinatlı raketi olan bir neçə ölkələrdən biridir. Azərbaycanın süni peyki də, ehtimal ki, Yaponiyanın ərazisindən buraxılacaq. Yaponiyanın bir çox şirkətləri Azərbaycanla əməkdaşlıqda süni peyklərin istehsalına böyük maraq göstərir. 

- Yaponiya və Azərbaycan hərbi sahədə ikitərəfli saziş bağlamağı planlaşdırırdılar. Ölkələrimiz arasında əməkdaşlıq necə qurulur və bu sazişin nə vaxt imzalanması planlaşdırılır? 

- Hazırda ölkələrimiz arasında hərbi sahədə əməkdaşlıq üzrə konkret planlar yoxdur. Buna baxmayaraq, 2013-cü ilin avqust ayında Yaponiya müdafiə nazirinin parlament müavini Masaxisa Sito rəhbər şəxs qismində ilk dəfə Azərbaycana səfər edib və ölkənin inkişafı, eləcə də yerli sakinlərin qonaqpərvərliyindən valeh olub. Onda Azərbaycan haqqında xoş təəssüratlar yaranıb.  

- Uzun illərdir Yaponiya Azərbaycanda "Ot kökləri və insan təhlükəsizliyi" proqramını həyata keçirir. Bu lahiyələrin həyata keçirilməsi üçün Yaponiya hökuməti nə qədər vəsait ayırıb, hansı konkret nəailiyyətlər əldə olunub? Yaponiya hökuməti gələcəkdə də belə layihələr və yenə hansı sahələrdə həyata keçirmək niyyətindədir? 

-  Yaponiya əsasən Azərbaycanın rayonlarında "Ot kökləri və insan təhlükəsizliyi" proqramı çərçivəsində layihələr həyata keçirir. Bu, təhsil, tibb, su təchizatı, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi sahələrində humanitar yardımların göstərilməsindən ibarətdir. Yaponiya hökuməti rayon sakinlərinə bilavasitə fayda gətirəcək yardımlara böyük diqqət ayırır. Azərbaycanın müxtəlif regionlarında bu cür layihələr həyata keçirilir. Bu günə qədər həyata keçirilmiş layihələrin ümumi sayı 195-ə çatıb, onlara sərf olunan ümumi məbləğ 16,540,056 ABŞ dolları təşkil edib. 

"Ot kökləri və insan təhlükəsizliyi" əvəzsiz proqramı bir çox insanın həyat şəraitinin yaxşılaşmasında böyük rol oynayan proqram kimi yüksək qiymətləndirildiyindən, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə səbəb olduğundan və Azərbaycan tərəfinin ehtiyaclarını nəzərə alaraq, bu proqramı həyata keçirməyə davam etmək niyyətindəyik. 

- Cənab səfir, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq səviyyəsini necə qiymətləndirirsiniz? Yaponiyanın ali məktəblərində neçə azərbaycanlı tələbə təhsil alır və neçə tələbə hazırda oxuyur? 

- Hər il üç tələbə Yaponiyanın universitetlərində magistr səviyyəsində təhsil almaq imkanı əldə edir, eləcə də yapon dilini öyrənən birdən dördə qədər tələbə Yaponiya Təhsil Nazirliyi tərəfindən ayrılan təqaüd hesabına ölkənin universitetlərində birillik proqram üzrə təhsil almaq üçün seçilir. 1992-ci ildən bu günə qədər Yaponiyaya magistr səviyyəsində təhsil almaq üçün 32 tələbə, bakalavr səviyyəsində təhsil almaq üçün 5 tələbə göndərilib. Həmçinin 19 tələbə birillik proqram üzrə təhsil alıb. 

Bundan başqa, Yaponiya Fondu tərəfindən təşkil olunan proqram çərçivəsində hər il yapon dili kafedrasının 4-dək tələbəsi iki həftədən 1,5 aya qədər müddətdə yapon dili üzrə qısamüddətli təcrübələrdə iştirak etmək imkanı əldə edirlər. 

Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, "ADA" Universiteti kimi ali məktəblər Yaponiya universitetləri ilə əməkdaşlıq quraraq artıq qarşılıqlı mübadiləni həyata keçirirlər. Mən yapon dili tələbələrinin bilik səviyyəsinin tədricən artmasından çox şadam. 

- Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq necə inkişaf edir? Hər il Azərbaycan və Yaponiyaya nə qədər turist gəlir? Bu sahədə əlaqələrin inkişafı üçün hansı addımlar atılır? 

- Biz turizm sahəsində qarşılıqlı əməkdaşlığı qurmuşuq. Məsələn, 2009-cu ildə Yaponiya hökuməti GUAM-a üzv dövlətlərin, o cümlədən Azərbaycanın turizm idarələri və firmalarının nümayəndələrini Tokioya dəvət edib və turizmin inkişafı üzrə seminar təşkil edib. Daha sonra GUAM Yaponiya turizm şirkətlərini, eləcə də Yaponiya KİV nümayəndələrini təşkilatın üzv ölkələrində turizmin inkişafı vəziyyətini müşahidə etmək üçün dəvət edib. Eləcə də 2010-cu ildən Azərbaycan "Yaponiya Turizm Agentlikləri Birliyi" (JATA) tərəfindən təşkil olunan turizm sərgisində iştirak edir və informasiya yayır. Beləliklə, Yaponiya vətəndaşlarının Azərbaycanda turizm haqqında anlayışı tədricən artır. 

Qeyd etmək lazımdır ki, 2013-cü ildə 373 Azərbaycan vətəndaşı viza üçün Yaponiya səfirliyinə müraciət edib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin statistikasına əsasən, 2013-cü ildə ölkəyə səfər etmiş yaponların sayı 2471 nəfərə çatıb. Hazırda əsas məsələ ikitərəfli səylər nəticəsində turistlərin sayının artırılmasıdır. 

- Cənab səfir, ölkələrimiz arasında humanitar əməkdaşlıq səviyyəsini necə qiymətləndirirsiniz? Bu istiqamətdə hər hansı bir layihə mümkündürmü? 

- Yuxarıda "Ot kökləri və insan təhlükəsizliyi" proqramı çərçivəsində göstərilən humanitar yardım haqqında qeyd etdim artıq.

Bundan başqa, bizə məlumdur ki, hər payız Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda Yaponiya nümayəndələri də iştirak edir. Beləliklə, biz ölkələrimiz arasında humanitar əlaqələrin gələcək inkişafına ümid edirik. 

- Bu yaxınlarda Yaponiyanın rəsmi şəxslərinin Azərbaycana səfəri gözlənilir? 

- Hazırda yüksək səviyyədə səfərlərlə bağlı konkret planlar yoxdur, lakin dünyanın bütün ölkələri əlaqələri gücləndirmək və müxtəlif regionların inkişafında iştirak edərək öz töhfəsini vermək üçün diplomatiyanı inkişaf etdirir. Mən həmçinin ümid edirəm ki, yaxın gələcəkdə Yaponiyanın rəsmi şəxslərinin son illər beynəlxalq ictimaiyyətdə öz statusunu artıran və enerji resurslarının istehsalı nəticəsində yeni inkişaf mərhələsində olan Azərbaycana səfəri baş tutacaq. Ötən ilin dekabr ayında Yaponiya hökumətinin dəvəti ilə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Yaponiyaya səfər edib. Bu səfər iki ölkə arasında həmin sahədə əməkdaşlığın inkişafına səbəb olub. Bundan başqa, cari ilin fevral ayında Azərbaycan baş nazirinin müavini cənab Abid Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün Yaponiyaya səfər edib. 

- Yaponiyanın ərazi mübahisələrinə cəlb olunduğunu nəzərə alaraq, ölkənizin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə münasibəti necədir? 

- Yaponiya bu məsələnin qəbul olunmuş qətnamələr, sazişlər və beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə tənzimlənməsini, eləcə də bu məqsədlə yaradılmış ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyətini dəstəkləyir. Azərbaycanda çalışan və yaşayan bir diplomat kimi, mən yaxşı bilirəm ki, bu münaqişə səbəbindən ölkə qarşısında çətin problemlər, o cümlədən qaçqınlarla bağlı məsələ durub və mən anlayıram ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın deyil, ümumilikdə bütün Cənubi Qafqaz regionunun inkişafına mane olur.

- Bu gün dünyada iqtisadi liderliyi  Şərqi və Cənub-Şərqi Asiya ələ keçirib. Yaponiya bu məsələdə hansı rolu oynayır? 

- 2007-ci ildən sonra 7 ildir Yaponiyanın ən iri tərəfdaşı Çin olaraq qalır. 2013-cü ildə bizim onlarla əmtəə dövriyyəmiz 300 mlrd. ABŞ dollarından artıq olub (Yaponiyanın ümumi əmtəə dövriyyəsinin 20%-nə müvafiqdir). Əgər Koreya qismində üçüncü ticarət tərəfdaşı, eləcə də Cənub-Şərqi Asiya Dövlətləri Birliyi (ASEAN) ölkələri ilə əmtəə dövriyyəsinin həcmini də bura əlavə etsək, bu rəqəm 630 mlrd. ABŞ dollarına çatar (Yaponiyanın bütün əmtəə dövriyyəsinin təxminən 40%-ni təşkil edir). Bundan başqa, Yaponiya şirkətləri yuxarıda qeyd olunan ölkələrdə fəaliyyət göstərir və sərmayə qoyur. Məsələn, Çinin statistikasına əsasən, Yaponiya Çində fəaliyyət göstərən şirkətlərin sayına görə 1-ci yeri, sərmayə qoyuluşuna görə isə 2-ci yeri tutur. Son zamanlar Koreya və Yaponiya arasında yeni əməkdaşlıq forması inkişaf edir. Beləliklə, Çin və Koreya, eləcə də ASEAN ölkələri ilə sıx əməkdaşlıq əlaqələri qurulub, qarşılıqlı əlaqələr inkişaf edir, Yaponiya burada sərmayə qoyuluşu və iqtisadi əməkdaşlığı ilə öz töhfəsini verir. ASEAN ölkələri ilə münasibətdə Yaponiya ən iri donor ölkədir və hazırda infrastrukturun yaradılmasında, kadrların hazırlanmasında və digər sahələrdə onlara yaxından yardım edir. Bunların arasında ən mühümü 2015-ci il üçün planlaşdırılmış ASEAN Birliyinin yaradılmasına yardımın və əlaqələrin möhkəmləndirilməsi üzrə layihələrdir. 

- Yaponiya xalqı və hökuməti Fukusimada faciənin nəticələrini necə aradan qaldırdı? Gələcəkdə bu cür fəlakətlərin qarşısının alınması üçün hər hansı konkret tədbir görülübmi?

- Sizə məlum olduğu kimi, 2011-ci ilin mart ayında Yaponiyanın şərqində baş verən dağıdıcı zəlzələnin, eləcə də ondan sonra baş vermiş sunaminin nəticələri çox qlobal idi, lakin Yaponiya xaricdən gələn yardımlar sayəsində, eləcə də hökumət və özəl sektorun səylərini birləşdirərək bu faciənin öhdəsindən gəldi. Fəlakət zonasında bərpa işləri indiyə kimi davam etdirilir, lakin çınqıl və digər yığıntıların toplanması üzrə işlər demək olar ki, tamamlanıb və yerli sənayenin istehsalı bərpa olunub. Bundan başqa, Yaponiya atom təhlükəsizliyi standartlarının yenidən nəzərdən keçirilməsi ilə birgə, ərazilərin AES-də qəza nəticəsində baş verən çirklənmədən təmizlənməsi, insanların öz evlərinə qaytarılması və uzun illər məcburi köçkün vəziyyətinə düşmüş insanlara yardımın göstərilməsi kimi tədbirlərlə məşğul olur. Yaponiya hökuməti həmçinin həmin məsələlərlə bağlı müvafiq orqanların rəsmi saytlarında informasiyalar da yayır. 

Son xəbərlər

Orphus sistemi