​Xocalı soyqırımı Los Ancelesdə xristian, müsəlman və yəhudi dini icmaları tərəfindən birgə anılıb

​Xocalı soyqırımı Los Ancelesdə xristian, müsəlman və yəhudi dini icmaları tərəfindən birgə anılıb Tədbirdə Xocalı qətliamının canlı şahidi öz kədərli xatirələrini tədbir iştirakçıları ilə bölüşüb
Xarici siyasət
23 Fevral , 2016 11:00
​Xocalı soyqırımı Los Ancelesdə xristian, müsəlman və yəhudi dini icmaları tərəfindən birgə anılıb

Bakı. 23 fevral. REPORT.AZ/ Xocalı soyqırımının 24-cü ildönümü ABŞ-ın Los Anceles şəhərində müxtəlif dini etiqad daşıyıcılarının iştirakı ilə keçirilmiş geniş tədbirlə yad olunub.

Bu barədə "Report"a Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan məlumat verilib.

Tədbir Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun, Los Ancelesdə fəaliyyət göstərən Pico Shul yəhudi sinaqoqunun və nüfuzlu Kral Fəhd Məscidinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə həmçinin, Federal Təhqiqatlar Bürosunun Los Anceles nümayəndəliyinin əməkdaşları, müxtəlif siyasətçilər, bir sıra ölkələrin baş konsulları, fəxri konsulları və konsulluq əməkdaşları, eləcə də müxtəlif etnik icmaların fəalları tədbirə qatılıb.

Tədbirdə müsəlman icması adından Kral Fəhd Məscidinin direktoru Məhəmməd Xan, İmam Əbdül Hafiz, yəhudi icması adından Ravvin Dov Kohen və Ravvin Yona Bukstayn, eləcə də xristian icması adından Rahib Oliver Blue, Yepiskop Xuan Karlos Mendez və Eamon Kelly Ata çıxış edərək, Xocalı qətliamının dəhşətləri ilə bağlı öz təəssüratlarını bölüşüblər.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxışında Xocalı qətliamının bəşəriyyətin yaddaşında qanlı bir ləkə olduğunu bildirib və Ermənistanın ölkəmizə qarşı apardığı tarixi işğalçılıq siyasətindən bəhs edib. Baş konsul bildirib ki, Ermənistan prezidenti S.Sarkisyan da daxil olmaqla, ölkənin siyasi rəhbərliyində təmsil olunan bir çox şəxslərin Xocalı qətliamında iştirakı faktarla sübuta yetirilsə də, onlar indiyə qədər məsuliyyətdən yayına bilib.

Daha sonra Xocalı qətliamının canlı şahidlərindən Anar Usubov çıxış edərək, öz kədərli xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbir dua mərasimi ilə başa çatıb. Belə ki, müsəlman, xristian və yəhudi din xadimləri tərəfindən Xocalı qətliamının qurbanlarının xatirəsinə hər üç dinə mənsub dualar oxunaraq, dünyada sülh və əmin-amanlığın bərqərar olması üçün həmrəylik nümayiş etdirilib.

Tədbirin sonunda Xocalı qurbanları üçün ehsan süfrəsi açılıb.

Son xəbərlər

Orphus sistemi