​XİN: “Ermənistanda 28-dən artıq rus kəndindən heç biri qalmayıb”

​XİN: “Ermənistanda 28-dən artıq rus kəndindən heç biri qalmayıb” “Leonid Slutskinin bu səpkidə çıxışı Azərbaycanla Rusiya arasında yaxın tərəfdaşlıq münasibətlərinə zərər vura bilər”
Xarici siyasət
29 Mart , 2015 17:23
​XİN: “Ermənistanda 28-dən artıq rus kəndindən heç biri qalmayıb”

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin II katibi Könül Süleymanlı Rusiya Dövlət Dumasının üzvü Leonid Slutskiyin Ermənistanda keçirdiyi mətbuat konfransında söylədiyi fikirləri şərh edib. 

“Report”un xəbərinə görə, K.Süleymanlı Leonid Slutskiyə xatırladıb ki, onun səfər etdiyi Yerevan şəhərində faşist Almaniyasının SS birləşmələrinin generalları olan Qareqin Njde və Drastamat Kanayanın (“Dro”) şərəfinə Ermənistanın “milli qəhrəmanları” kimi abidələr ucaldılıb, mərkəzi meydanlardan birinə Qareqinin Njde adını verilib. Leonid Slutskiyin Ermənistanda görüşdüyü Ermənistanın hakim siyasi partiyasının rəsmi ideoloji əsasını isə “Njdexeizm” təşkil edir: “Leonid Slutskiy millət vəkili kimi öz reallıq hissini itirməyərək faşizm üzərində qələbənin 70 illiyi ərəfəsində faşizmin qurbanı olmuş milyonlarla keçmiş SSRİ vətəndaşının ruhuna hörmət əlaməti olaraq, rəsmi Yerevan qarşısında faşist generallarının “qəhrəmanlaşdırılması” və onların şərəfinə hətta Moskvada tədbirlərin keçirilməsi məsələsinə münasibət bildirməli idi. Belə bir münasibətin bildirilməsi hələ də gec deyil.

Leonid Slutskiyə onu da xatırlatmaq istərdik ki, erməni terror təşkilatı olan ASALA-nın təsisçilərindən olmuş və onlarla mülki insanın terror yolu ilə öldürülməsində şəxsən iştirak etmiş terrorçu Monte Melkonyanın da şərəfinə milli qəhrəman kimi Ermənistanda abidə ucaldılıb.

Radikal ideologiya əsasında həyata keçirilən etnik təmizləmə siyasətinin nəticəsidir ki, Ermənistan dünyada yeganə mono-etnik dövlətdir. Ermənistan ərazisində tarixi torpaqlarında azərbaycanlılar etnik təmizləməyə məruz qalıblar. Ermənistanda yaşayan digər millətlər də bu siyasətin qurbanı olublar. SSRİ-nin süqutu ərəfəsində Ermənistan ərazisində 28-dən artıq rus kəndi olduğu halda, indi demək olar onların heç biri qalmayıb.

Ermənistan-Azərbaycan münaqişəsinin həllindən danışan Leonid Slutskiyin görüşdüyü Ermənistan rəhbərliyinə Ermənistanın Azərbaycana qarşı törətdiyi işğal, təcavüz və qanlı etnik təmizləmə siyasətinə son soymağa dair çağırış etməsi daha təqdirəlayiq olardı.

Leonid Slutskiyin tarixi təhrif etməsi və siyasiləşdirməsi əvəzinə, rəhbərlik etdiyi komissiyanın gündəliyinə Xocalı faciəsini çıxarması daha düzgün addım olardı.

Real rəqəmlərin fərqində olmayan Leonid Slutskiy regionda “silah yarışması”ndan danışır. Leonid Slutskiyin yaddaşını təzələmək istərdik ki, əhalisinin 50 faizə yaxını yoxsulluğun ən ifrat həddində yaşayan və xarici borcu ümumi daxili məhsulu bir neçə dəfə üstələyən Ermənistan ÜDM-ün adam başına düşən nisbətinə görə dünyada ən çox silahlanmış bir dövlətdir. Ermənistanın ianələr və xarici borclar hesabına silahlanma siyasəti Azərbaycana qarşı işğal və təcavüzün saxlanmasına xidmət edir. İşğal, təcavüz və ilhaqçı siyasətinə son qoyduğu halda, Ermənistan silahlanmaya sərf etdiyi vəsaiti bərbad vəziyyətdə olan ölkənin inkişafı naminə istifadə edə bilərdi”.

XİN əməkdaşı vurğulayıb ki, Leonid Slutskinin bu səpkidə çıxışı Azərbaycanla Rusiya Federasiyası arasında yaxın tərəfdaşlıq münasibətlərinə zərər vura bilər: “O, təhrif edilmiş formada Azərbaycanda keçirdiyi görüşlərdən danışır. Bakıda olduğu zaman isə Azərbaycanın yüksək rəhbərliyi ilə keçirdiyi görüşü zamanı Azərbaycan ərazilərinin işğalına son qoyulmalı olduğunu bildirmiş və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə etmişdir.

Onun qeyd olunan mülahizələri Azərbaycan-Rusiya əlaqələrinin ruhuna zidd olaraq Azərbaycanın daxili işlərinə qarışmaq kimi başa düşülə bilər”.

Son xəbərlər

Orphus sistemi