XİN başçısı: "Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması regionda tam əməkdaşlığa imkan yaradacaq"

XİN başçısı: "Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması regionda tam əməkdaşlığa imkan yaradacaq" "Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin işğalı regional əməkdaşlığa ciddi təhdid təşkil edir"
Xarici siyasət
23 Sentyabr , 2016 20:35
XİN başçısı: Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması regionda tam əməkdaşlığa imkan yaradacaq

Bakı. 23 sentyabr. REPORT.AZ/ "Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və qaçqın və məcburi köçkünlərin öz evlərinə geri qayıtması nəinki Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə verəcək, həmçinin bütövlükdə QDİƏT regionunda tam əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq".

XİN-dən "Report"a verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda QDİƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı bildirib. 

Nazir deyib ki, regional əməkdaşlıq çərçivəsində işbirliyi üçün geniş imkanların olmasına baxmayaraq, sülh və təhlükəsizliyə olan çağırışlar hələ də regionun davamlı inkişafına əngəl yaradır: "Qonşu Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü və beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud surətdə pozmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-ni işğal etməsi regional əməkdaşlıq və dayanıqlı inkişafa hələ də ciddi təhdid təşkil edir".

Onun sözlərinə görə, Azərbaycan QDİƏT-in təsisçi üzvlərindən biri kimi təşkilatın regionda oynadığı mühüm rolu anlayır: "Biz təşkilatın səmərəliliyinin möhkəmləndirilməsində maraqlıyıq. Biz QDİƏT daxilində islahatlar prosesini dəstəkləyirik və hesab edirik ki, bu proses təşkilatın qlobal inkişaf gündəliyinin dəyişən reallıqlarına daha yaxşı uyğunlaşmağa və üzv dövlətlərin ehtiyaclarına daha yaxşı cavab verməyə kömək edəcək. Ümumilikdə islahatlar prosesi QDİƏT-in daimi beynəlxalq katibliyini möhkəm peşəkar icraçı quruma çevirməyə gətirib çıxarmalı və qəbul edilmiş qərarları daha səmərəli icra etməlidir".

Nazir deyib ki, Azərbaycan QDİƏT-ə üzv bir sıra dövlətlər və özünün beynəlxalq tərəfdaşları ilə birgə irimiqyaslı enerji və nəqliyyat layihələri ilə bağlı təşəbbüslərlə çıxış etmək və bu layihələri icra etməklə regional inkişafa öz töhfəsini verir: "Biz regionlar arasında qovşaqların daha da möhkəmləndirilməsində maraqlıyıq və beynəlxalq əhəmiyyətli Şimal-Cənub və Şərq-Qərb Nəqliyyat Dəhlizlərinin reallaşdırılmasında fəal surətdə iştirak edirik. Bu baxımdan 2017-ci ildə tam şəkildə işə salınması planlaşdırılan və yeni dəmiryolu ilə xətti ilə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryolu xətti region üçün strateji əhəmiyyətə malikdir və sərnişin və yüklərin daşınmasında etibarlı xətt kimi Asiya və Avropa arasında çoxmodullu nəqliyyat axınının həcmini artıracaq. Biz tam inanırıq ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycan ərazisindən keçən dəmiryolu, avtomobil yolu və dəniz marşrutlarının qovşağını yaratmaqla QDİƏT daxilində regional inkişafa öz töhfəsini verəcək. Gələcəkdə regionun mühüm ticarət və logistika qovşaqlarından biri olacaq yeni Bakı Beynəlxalq Dəniz Tcarət Limanı mal və əmtəələrin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə daşınmasında mühüm rol oynayacaq və bununla da regional ticarəti təşviq edərək QDİƏT regionu və bu regiondan kənar ərazilərə öz töhfəsini vermiş olacaq".

"Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan regional əhəmiyyətli bir sıra mühüm enerji layihələri öz növbəsində QDİƏT regionunda etibarlı və dayanıqlı infrastruktur yaradıb. Azərbaycan QDİƏT-ə üzv altı dövləti özündə birləşdirən nadir layihə olan Cənubi Qaz Dəhlizini (CQD) reallaşdırmaqla regional enerji əməkdaşlığının daha da genişləndirilməsinə sadiqdir və gələcəkdə də sadiq olaraq qalacaq. Bu layihənin komponentlərindən biri olan Trans-Anadolu Kəmərinin (TANAP) tikintisi hazırda davam etdirilir. Bu ilin may ayında CQD-nin digər mühüm komponenti olan Trans-Adriatik Kəmərinin (TAP) Saloniki şəhərində təməlqoyma mərasimi uğurla həyata keçirilib. Azərbaycan bu strategiya vasitəsilə QDİƏT-ə Üzv Dövlətlər arasında mövcud əməkdaşlığın gücləndirilməsi və region və regiondan kənar əlaqələrin möhkəmləndirilməsinə, bununla da region daxili və regionlar arasında davamlı inkişafa töhfə verməyə çalışır", - deyə XİN başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi