XİN başçısı: "Azərbaycan 2017-ci ilin sonuna qədər Əfqanıstan ordusuna iki milyon avro dəstək verəcək"

XİN başçısı: "Azərbaycan 2017-ci ilin sonuna qədər Əfqanıstan ordusuna iki milyon avro dəstək verəcək" Elmar Məmmədyarov NATO-nun xarici işlər nazirlərinin iclasında çıxış edib
Xarici siyasət
13 May , 2015 17:06
XİN başçısı: Azərbaycan 2017-ci ilin sonuna qədər Əfqanıstan ordusuna iki milyon avro dəstək verəcək

Bakı. 13 may. REPORT/AZ. "Azərbaycan qoşunlar, çoxtəyinatlı tranzit imkanları, təlim və maliyyə yardımı ilə nəzərəçarpacaq dərəcədə qətiyyətli dəstək missiyasına töhfə verir. 2012-ci ildə Azərbaycan artıq Əfqanıstan Milli Ordusunun etimad fonduna bir milyon avro dəyərində töhfə verib və 2017-ci ilin sonuna qədər bu etimad fonduna əlavə iki milyon avro töhfə verəcək". "Report"un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Əfqanıstanda qətiyyətli dəstək missiyasına töhfə verən dövlətlərinin xarici işlər nazirlərinin Antalyada keçirilən iclasında deyib. 

Xarici işlər nazirinin fikrincə, amma əvvəlki illərin təcrübəsi göstərir ki, yalnız hərbi yardım Əfqanıstanda davamlı sülhün bərqərar olması üçün kifayət deyil: "Ona görə də Azərbaycanın Əfqanıstanın sabitliyinə töhfəsi NATO əməliyyatlarına cəlb olunmaqdan daha genişdir. Təhsil, təlim, infrastrukturun inkişafı, sərmayələr və maliyyə yardımı sahəsində praktiki töhfələri artıraraq, Əfqanıstanın özünə güvənini dəstəkləyirik".

Onun sözlərinə görə, Azərbaycanda ADA Universiteti NATO təlim kurslarına əlavə olaraq, Əfqanıstandan olan rəsmilər üçün illik idarəçilik təlimləri keçirir, Minalardan Təmizləmə Agentliyi minalar üzrə maarifləndirici layihələr icra edir, Fövqəladə Hallar Nazirliyi Akademiyasında Əfqanıstan vətəndaşlarının dördillik təhsil almalarını təmin edəcək memorandum imzalanma ərəfəsindədir: "Azərbaycan Əfqanıstanda məktəb tikintisi həyata keçirir. Bütün xərcləri mənim ölkəm ödəyir. Biz həmçinin əfqan hökumətinə müfəssəl islahatlar gündəliyinin reallaşmasında kömək etməliyik. Bu gündəliyin ən mühüm tərkib hissəsi nəqliyyat infrastrukturudur. Biz mümkün ən qısa yol vasitəsilə Əfqanıstan və Avropanı birləşdirməliyik. Xəzər dənizinin Azərbaycan hissəsindəki yeni Ələt dəniz limanı və Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu bu baxımdan, eləcə də tarixi İpək Yolunun bərpası baxımından çox önəmlidir.

Əfqanıstanın gələcəyi böyük ölçüdə qonşu dövlətlərdən asılıdır və biz bunun uğurlu alınması prosesinə birlikdə yardımçı olmalıyıq".

Son xəbərlər

Orphus sistemi