XİN: "Azərbaycan ECOSOC-ya üzvlüyü dövründə beynəlxalq sülh və inkişafa töhfəsini verəcək"

XİN: "Azərbaycan ECOSOC-ya üzvlüyü dövründə beynəlxalq sülh və inkişafa töhfəsini verəcək" "Azərbaycanın ECOSOC-ya üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun yüksək olmasının göstəricisidir"
Xarici siyasət
16 İyun , 2016 15:03
XİN: Azərbaycan ECOSOC-ya üzvlüyü dövründə beynəlxalq sülh və inkişafa töhfəsini verəcək

Bakı. 16 iyun. REPORT.AZ/ "BMT-nin İqtisadi və Sosial Şurası kimi mötəbər quruma Azərbaycanın belə yüksək səslə üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun və sosial-iqtisadi sahədə son onillikdə əldə etdiyi nailiyyətlərə beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymətin göstəricisidir".

"Report" xəbər verir ki, Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzv seçilməsi münasibətilə Xarici İşlər Nazirliyinin yaydığı bəyənatda belə deyilir. 

Bəyanatda qeyd olunub ki, Azərbaycan 2011-ci ildə ECOSOC-ya üzv olmaq üçün namizədliyini irəli sürüb: "ECOSOC BMT-nin əsas orqanlarından biri olub, BMT-nin 14 ixtisaslaşmış təşkilatının, onların funksional komissiyalarının və 5 regional komissiyanın iqtisadi və sosial sahələrdə işini əlaqələndirir.

BMT-nin fəaliyyətində inkişaf məsələsinin əhəmiyyətinin getdikcə artması, o cümlədən 2015-ci ildə qəbul edilmiş Davamlı İnkişaf Məqsədləri ECOSOC-un BMT sistemində və ümumiyyətlə, beynəlxalq münasibətlərdə rolunu və nüfuzunu daha da yüksəldib.

ECOSOC üzvlüyünə seçkilər BMT Təhlükəsizlik Şurasından sonra ən rəqabətli seçkilər hesab olunur. Azərbaycan Respublikası indiyədək bir dəfə - 2003-2005-ci illərdə ECOSOC-un üzvü olub".

XİN-in bəyanatında vurğulanıb ki, ECOSOC-un 54 üzvü var və şura üzvlüyünə seçkilər BMT-nin Baş Assambleyasında regional qruplar üzrə üç il müddətinə gizli səsvermə ilə seçilir: "Hər il 18 yeni üzv seçilir. Seçilmək üçün BMT-yə üzv dövlətlərin ən azı 2/3-nin, yəni, 129 dövlətin səsi tələb olunur.

2011-ci ildən etibarən ölkəmizin bu quruma namizədliyinə dəstəyin əldə edilməsi üçün fəal diplomatik iş aparılıb". 

Bəyanatda qeyd olunub ki, iyunun 14-də BMT-nin Baş Assambleyasında keçirilən seçkilərdə səsvermədə iştirak etmiş 184 üzv dövlətdən 176-nın səsini qazanan Azərbaycan İqtisadi və Sosial Şuranın üzvü seçilib. Azərbaycan 2017-ci il yanvarın 1-dən 2019-cu il dekabrın 31-ədək ECOSOC-un üzvü olacaq: "Azərbaycan Respublikası şuraya üzvlüyü zamanı BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq, beynəlxalq sülh və inkişafa öz töhfəsini verəcəkdir".

Son xəbərlər

Orphus sistemi