Xələf Xələfov: "Qarabağ münaqişəsinin həlli yalnız işğal olunmuş ərazilərin azad olunması ilə mümkündür"

Xələf Xələfov: "Qarabağ münaqişəsinin həlli yalnız işğal olunmuş ərazilərin azad olunması ilə mümkündür" "Ermənistanın Azərbaycana təcavüzü regionda sülhə və təhlükəsizliyə ciddi təhdiddir"
Xarici siyasət
13 May , 2015 18:04
Xələf Xələfov: Qarabağ münaqişəsinin həlli yalnız işğal olunmuş ərazilərin azad olunması ilə mümkündür

Bakı. 13 may. REPORT.AZ/ Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov RF XİN-in MDB ölkələri 4-cü Departamentinin direktoru Aleksey Pavlovski ilə görüşüb. Nazirlikdən "Report"a verilən məlumata görə, görüş Azərbaycanla Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələr çərçivəsində baş tutub

X.Xələfov Azərbaycanla Rusiya arasında siyasi əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, iqtisadi, ticarət, sosial və humanitar sahələrdə də iki ölkə arasında əməkdaşlığın dinamik surətdə inkişaf etdiyini nəzərə çatdırıb.

İkitərəfli əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan X.Xələfov Azərbaycan və Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni mərhələyə çatdırılması üçün əlverişli zəminin olduğunu qeyd edib.

Tərəflər ikitərəfli münasibətlərin müqavilə-hüquq bazasının təkmilləşdirilməsi və inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar və qarşılıqlı təklifləri müzakirə ediblər.

A.Pavlovski iki ölkə arasında münasibətlərin mövcud yüksək inkişafında Azərbaycan və Rusiya rəhbərlərinin mühüm rol oynadıqlarını deyərək, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Rusiyaya səfərinin və bu əsnada Rusiya Prezidenti Vladimir Putinlə görüşünün iki ölkə arasındakı dostluğun bariz nümunəsi olduğunu vurğulayıb.

Azərbaycanın Cənubi Qafqaz regionunda Rusiyanın önəmli tərəfdaşı olduğunu qeyd edən X.Xələfov, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamasının və Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün regionda sülhə və təhlükəsizliyə ciddi təhdid doğurduğunu bilib. O, münaqişənin həllinin yalnız işğal olunmuş ərazilərin azad olunması ilə mümkün olduğunu vurğulayaraq, münaqişənin həll olunması prosesində Rusiyanın vacib rola malik olduğunu, Rusiya tərəfindən ikitərəfli əsasda və ATƏT-in Minsk qrupunun həmsədri qismində Ermənistanın danışıqlarda konstruktiv mövqe tutmasına yönəlmiş təsirli addımların atılmasının vacibliyini bildirib.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Siyasi məsləhətləşmələrdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi