Xələf Xələfov: "ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyəti qaneedici deyil"

Xələf Xələfov: "ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyəti qaneedici deyil" Azərbaycanın xarici işlər nazirinin müavini Alman-Azərbaycan Forumunun İdarə Heyətinin sədri ilə görüşüb
Xarici siyasət
1 Oktyabr , 2015 20:22
Xələf Xələfov: ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyəti qaneedici deyil

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Alman-Azərbaycan Forumunun (AAF) İdarə Heyətinin sədri Hans-Eberhard Şlayer və Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin iqtisadiyyat, energetika, sənaye, orta biznes və sənətkarlıq məsələləri üzrə nazirinin müavini Günter Horsetskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Almaniya Bundestaqının üzvlərindən və nüfuzlu şirkətlərin rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcəyini qeyd edən X.Xələfov münasibətlərin bütün sahələri üzrə müzakirələrin qarşılıqlı etimad çərçivəsində dialoq mövzusu ola biləcəyini bildirib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT və onun Minsk qrupunun fəaliyyətinin qaneedici olmadığını bildirən nazir müavini digər siyasi mexanizmlərin cəlb edilməsinə ehtiyac olduğunu, bu çərçivədə Avropa institutları və Almaniyanın potensialından da istifadə edilməsinin mümkünlüyünü diqqətə çatdırıb. BMT Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq təşkilatların münaqişələrin həlli üçün təsirli mexanizmlərinin olmadığını, təcavüzkarın cəzalandırılması ilə bağlı iradəsizlik nümayiş etdirildiyini təəssüflə bildirib. Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycana eyni yanaşma olduğunu, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin 20 ildən artıqdır yerinə yetirilməməsinə görə heç bir effektiv tədbir görülmədiyini vurğulayıb.

Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans-Eberhard Şlayer fəaliyyət istiqamətlərinin Almaniya ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına töhfə vermək və Almaniya cəmiyyətində Azərbaycanı daha çox tanıtmaq olduğunu deyib. Son 20 ildə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, bazar iqtisadiyyatı, dini tolerantlıq və s. sahələrdə əldə olunan böyük inkişafa diqqəti cəlb edən qonaq bu inkişafın xüsusilə Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi məkan, müstəqilliyin ilk illərində yaşadığı bir milyonluq qaçqın və məcburi köçkün problemləri nəzərə alındıqda daha dəyərli olduğunu bildirib. AAF tərəfindən keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunan tədbirlərə Bundestaq üzvlərinin getdikcə daha çox maraq göstərdiyini qeyd edən Şlayer, eyni zamanda, alman mətbuatında Azərbaycanla bağlı dərc olunan məlumatlarda bəzən ikili standartlara rast gəlindiyini təəssüflə qeyd edib. Gələn il Almaniyanın ATƏT-ə sədrlik edəcəyini xatırladan Şlayer Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunması üçün yeni təşəbbüslərin irəli sürülməsinin mümkünlüyünü qeyd edib.

Şimali Reyn-Vestfaliya əyalətinin iqtisadiyyat, energetika, sənaye, orta biznes və sənətkarlıq məsələləri üzrə nazirinin müavini Günter Horsetski Almaniya federal torpaqlarının xarici dövlətlərlə birbaşa münasibətlər qurduğunu bildirib, Azərbaycanla ticarət-iqtisadi əməkdaşlıqda, həmçinin bu əyalətdə həyata keçirilən layihələrə Azərbaycan sərmayəsinin də cəlb edilməsində maraqlı olduqlarını bildirib.

X.Xələfov Almaniyanın regionları ilə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, xüsusilə qeyri-enerji sektoru sahəsində Almaniya ilə əməkdaşlığın inkişaf etdirilməsində ölkəmizin maraqlı olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi