Varşavada Mərkəzi və Şərqi Avropanın 12 ölkəsinin parlament rəhbərlərinin görüşü keçirilib

Varşavada Mərkəzi və Şərqi Avropanın 12 ölkəsinin parlament rəhbərlərinin görüşü keçirilib Görüşdə Azərbaycanı Milli Məclis sədrinin müavini Valeh Ələsgərov təmsil edib
Xarici siyasət
1 Sentyabr , 2016 18:35
Varşavada Mərkəzi və Şərqi Avropanın 12 ölkəsinin parlament rəhbərlərinin görüşü keçirilib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Polşa Respublikasının paytaxtı Varşava şəhərində Mərkəzi və Şərqi Avropanın 12 ölkəsinin parlament rəhbərlərinin görüşü keçirilib.

Azərbaycan Milli Məclisinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanı Milli Məclis sədrinin müavini Valeh Ələsgərov təmsil edib.

Tədbirdə Avropa İttifaqının dirçəlişi, Mərkəzi və Şərqi Avropada regional əməkdaşlıq, bölgə ölkələri arasında çoxtərəfli əlaqələrin inkişafına milli parlamentlərin töhfəsi mövzularında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Valeh Ələsgərov öz çıxışında ölkənin müstəqillik tarixi, uğurlu inkişaf yolu, multikultural dəyərlər və tolerantlıq mühiti barədə danışıb.

Avropa ölkələri ilə sıx ikitərəfli münasibətlərdən söz açan vitse-spiker Azərbaycanın enerji siyasəti və bu siyasətin Avropanın enerji təhlükəsizliyində oynadığı roldan bəhs edib. O, Azərbaycanın Gürcüstan, Türkiyə, Monteneqro, Çexiya, Ukrayna, Serbiya və başqa ölkələrdə infrastruktur, enerji, turizm sahələrində müxtəlif layihələr həyata keçirməsindən, investisiya yatırımlarından söz açıb: "Azərbaycanın ərazi bütövlüyünü tanıyan və onu bərabər hüquqlu tərəfdaş kimi qəbul edən hər bir ölkə ilə Biz əməkdaşlığa hazırıq. Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətrafyanı rayon işğal olunub, etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə insan öz doğma yurd-yuvalarından didərgin düşüb, ölkənin 20 faiz torpağı zəbt edilib. Ermənistanın bu işğalçılıq siyasəti regional inkişafa əsas təhlükədir".

Səfər çərçivəsində Azərbaycan Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Polşa Seyminin sədr müavini Ryszard Terlecki ilə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlığın və parlamentlərarası əlaqələrin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, bölgədə cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi