Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
"Report" xəbər verir ki, B.Məmmədov qonaqları salamlayaraq, Agentliyin yaradılması, fəaliyyət istiqamətləri, ölkəmizin üzləşdiyi mina probleminin miqyası, mina qurbanları, minaların işğaldan azad edilmiş ərazilərdə icra edilən bərpa-quruculuq işlərinə yaratdığı çətinliklər, habelə mina təhlükəsi ilə mübarizə istiqamətində həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə nümayəndə heyətinə məlumat verib, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinin “Böyük Qayıdış” proqramının əsas prioritetlərindən biri olduğunu qeyd edib.
Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk təqdim edilən məlumata görə təşəkkür edərək, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması istiqamətində görülən fəaliyyətin təqdirəlayiq olduğunu bildirib. Ukrayna ərazilərinin minalarla yüksək səviyyədə çirkləndiyini nəzərə alaraq, Agentliklə humanitar minatəmizləmə sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunub.
Görüş zamanı, sahə üzrə qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.