​Türkiyədə "Heydər Əliyevin xatirəsinə: Azərbaycan-Türkiyə münasibətləri" mövzusunda tədbir keçirilib

​Türkiyədə "Heydər Əliyevin xatirəsinə: Azərbaycan-Türkiyə münasibətləri" mövzusunda tədbir keçirilib Tədbir ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub
Xarici siyasət
12 May , 2016 06:15
​Türkiyədə Heydər Əliyevin xatirəsinə: Azərbaycan-Türkiyə münasibətləri mövzusunda tədbir keçirilib

Bakı. 12 may. REPORT.AZ/ Ötən gün Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Heydər Əliyevin xatirəsinə: Azərbaycan-Türkiyə münasibətləri" mövzusunda təşkil olunan tədbirdə iştirak etmək məqsədilə Türkiyənin Kastamonu şəhərinə işgüzar səfər edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Faiq Bağırov Kastamonu Universitetinin rektoru Səyit Aydın və şəhər valisi Şəhmus Günaydın ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Görüşlər müddətində səfir tərəfindən Heydər Əliyevə həsr olunmuş belə bir mötəbərtədbirin keçirilməsinin təqdirə layiq olduğunu və bunu Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərinə daha bir nümunə kimi dəyərləndirib. Həmsöhbətlər Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin dünyada analoqunun olmadığını və ümummilli liderə həsr olunmuş bir tədbirin rəhbərlik etdikləri qurumlarda keçirilməsindən qürur hissi keçirdiklərini bildiriblər.

Eyni gün ərzində Kastamonu Universiteti və səfirliyin təşkilatçılığı ilə Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə səfirliyin əməkdaşları, Kastamonu Universitetinin tələbə və müəllim kollektivi, yerli əhali və KİV nümayəndələri iştirak ediblər.

Tədbir Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlayıb.

Ümummilli liderin həyat və siyasi fəaliyyətindən bəhs edən müfəssəl sənədli filmin nümayişinin ardından "Heydər Əliyevin xatirəsinə: Azərbaycan-Türkiyə münasibətləri" mövzusunda olan tədbir öz işinə başlayıb. Kastamonu Universitetinin rektoru Səyit Aydın, şəhər valisi Şəhmus Günaydın, universitetin professoru Şərifə Uzun, Səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova və Səfir Faiq Bağırov həyata keçirdikləri çıxışlarda ulu öndərin Azərbaycanda dövlət quruculuğu, ölkəmizin dünyada layiqli yer tutması və digər sahələrdəki misilsiz xidmətləri haqqında danışıblar.

Faiq Bağırov öz çıxışında, ulu öndərin xalqımıza etdiyi əvəzsiz xidmətlərdən; Azərbaycan Respublikasının bir dövlət kimi formalaşaraq inkişaf yoluna qədəm qoymasında Heydər Əliyev dühasının rasional strategiyasından; ölkəmizin xarici siyasətində Türkiyənin müstəsna yerindən və onun iki ölkə münasibətlərinin inkişafına etdiyi xidmətlərdən əsaslı və geniş şəkildə bəhs edib.

Səfir qeyd edib ki, əməli nəhəng layihələrdə, ikitərəfli əməkdaşlıq sənədlərinin imzalanması və həyata keçirilməsində öz əksini tapan Azərbaycan-Türkiyə münasibətlərində istiqamətləndirilən strateji xətt bu gün Azərbaycan prezidenti möhtərəm İlham Əliyev cənablarının siyasətində də mühüm yer tutur.

Ardından tədbir çərçivəsində təşkil edilən inşa müsabiqəsinin qaliblərinə mükafatları və mötəbər tədbirə əməyi keçən şəxslərə plaketlər təqdim olunub.

Tədbir ulu öndərə həsr edilən şeirlərin səslənməsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi