Türkiyə səfiri: "Azərbaycandan xoş təəssüratla ayrılıram"

Türkiyə səfiri: "Azərbaycandan xoş təəssüratla ayrılıram" Elmar Məmmədyarov İsmayil Alper Coşquna təşəkkür edib
Xarici siyasət
28 Sentyabr , 2016 16:11
Türkiyə səfiri: Azərbaycandan xoş təəssüratla ayrılıram

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycandan xoş təəssüratla ayrıldığını qeyd edən səfir Alper Coşqun diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə Azərbaycan hökumətinə, o cümlədən Xarici İşlər Nazirliyinə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycanla Türkiyə arasında olan qardaşlıq və dostluq əlaqələrinin daha da dərinləşməsində oynadığı mühüm rola görə səfir Alper Coşquna təşəkkür edib və iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığın genişləndirilməsində Alper Coşqunun fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb, ikitərəfli əməkdaşlığın regionda və onun hüdudlarından kənarda sülh və inkişafın təmin olunmasına xidmət etdiyi qeyd olunub. Üçtərəfli formatda əməkdaşlığın vacibliyi qeyd olunaraq, bu xüsusda Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə və Azərbaycan-İran-Türkiyə mexanizmlərinin əhəmiyyəti qeyd olunub.

Elmar Məmmədyarov bir daha məlum dövlət çevrilişinə cəhdin qarşının alınmasında şəhid olanların doğmalarına və qardaş Türkiyə xalqına başsağlığı verib. O, Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduğunu vurğulayıb.

Nazir səfir Alper Coşquna gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi