​Türkiyə baş nazirinin müavini: "Ankara həmişə Azərbaycanın yanındadır"

​Türkiyə baş nazirinin müavini: "Ankara həmişə Azərbaycanın yanındadır" Ankarada Respublika Gününə həsr olunmuş qəbul təşkil edilib
Xarici siyasət
28 May , 2016 07:14
​Türkiyə baş nazirinin müavini: Ankara həmişə Azərbaycanın yanındadır

Bakı. 28 may. REPORT.AZ/ Ötən gün Azərbaycanın Türkiyədəki səfirliyində 28 May Respublika Gününə həsr olunmuş geniş tərkibli rəsmi qəbul təşkil edilib.

Diplomatik nümayəndəlikdən "Report"a verilən məlumata görə, tədbirdə, Türkiyə baş nazirinin müavini Tuğrul Türkəş, iqtisadiyyat naziri Nihat Zəybəkçi, nəqliyyat gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan, Türkiyə Böyük Millət Məclisinin Sabiq Sədri İsmet Sezgin, Türkiyə Jandarma Qüvvələrinin baş komandanı ordu generalı Galib Mendi ilə yanaşı 30 general, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, çox sayda QHT-lərin rəhbərləri və nümayəndələri, müxtəlif siyasi partiyaların təmsilçiləri, diplomatik nümayəndəliklərin rəhbərləri, Ankarada təhsil alan tələbə və müdavimlərimizlə yanaşı çox sayda diaspor və KİV nümayəndələri iştirak ediblər. Həmçinin 28 May Respublika Günü münasibətilə çox sayda müxtəlif qurum və şəxslər tərəfindən əklil və çiçəklər göndərilib.

Geniştərkibli möhtəşəm tədbir, iki qardaş ölkənin liderləri Heydər Əliyev və Mustafa Kamal Atatürk, eləcə də şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından himnlərin səsləndirilməsi ilə başlanıb. Ardından açılış nitqi üçün səfir Faiq Bağırov kürsüyə dəvət olunub. Səfir həyata keçirdiyi çıxış müddətində, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən strategiya sayəsində Azərbaycanın əldə etdiyi müvəffəqiyyətlərin beynəlxalq aləmdə ölkəmizi qabaqcıl bir dövlət kimi ön sıralara çıxardığını vurğulayıb.

Ardından Türkiyə baş nazirinin müavini Tuğrul Türkəşə verilib. Türk rəsmisi öz çıxışında iki ölkə əlaqələrinin əhəmiyyətinə diqqət çəkərək, Türkiyənin başda Dağlıq Qarabağ münaqişəsi olmaqla Azərbaycanın ağrılı problemləri çərçivəsində həmişə yanında olduğunu qeyd edib. Tuğrul Türkəş Türkiyədə 2016-cı ilin mart ayında törədilmiş terror aktından sonra Azərbaycan prezidenti İlham Əliyevin 15 mart tarixində Türkiyəyə səfər etdiyini və bunun Azərbaycan tərəfindən nümayiş edilən həmrəyliyin bariz nümunəsi olduğunu vurğulayıb.

Daha sonra 28 May Respublika Günü münasibətilə hazırlanmış tort kəsilib və tədbir iştirakçılarına ziyafət verilib.

Tədbir zamanı iştirakçılara "İrs-Miras" və "Diplo Atlas" jurnalları ilə yanaşı türk dilində nəşr etdirilmiş "Heydər Əliyev" və "İlham Əliyev" kitabları təqdim olunub.

Son xəbərlər

Orphus sistemi