​Azərbaycanın Təbrizdəki baş konsulluğunda Xocalı soyqırımı anılıb

​Azərbaycanın Təbrizdəki baş konsulluğunda Xocalı soyqırımı anılıb Mərasimdə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi də iştirak edib
Xarici siyasət
24 Fevral , 2015 15:01
​Azərbaycanın Təbrizdəki baş konsulluğunda Xocalı soyqırımı anılıb

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanın Təbrizdəki baş konsulluğunda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. 

Bu barədə “Report”a baş konsulluqdan məlumat verilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Baş konsulluğun əməkdaşı Nəriman Orucəliyev Xocalı soyqırımı ilə bağlı broşürları iştirakçılara təqdim edib

Mərasimdə çıxış edən İran İslam Respublikasının vətəndaşı, peşəkər kino işçisi, “Xoca” filminin də prodüseri olmuş Eyyub Daneşvər Xocalı soyqırımının digər qətliamlardan fərqli olaraq hətta çəkilmiş videokadrlarla da sübuta yetirildiyini qeyd edib, “Xocalıya ədalət” beynəlxalq kampaniyası haqqında danışıb.

E.Daneşvər “Xoca” filminin çəkilişi barədə də söhbət açaraq filmin Xocalı soyqırımı zamanı baş vermiş real hadisələri əks etdirdiyini, soyqırımı şahidlərinin ifadələrinə əsaslandığını, bu filmin ərsəyə gəlməsində 22 nəfər iranlı peşəkar mütəxəssisin iştirak etdiyini bildirib və filmin baş konsulluq tərəfindən Təbrizdə nümayiş etdirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edib. 

Türkiyənin Təbrizdəki baş konsulu Quven Beğeç mərasimdə çıxış edərək ermənilərin tarix boyu Türkiyə və Azərbaycana qarşı bir çox terror hadisələri, qətliamlar törətdiklərini, daim ərazi iddialarında olduqlarını, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli cəhdlərinə və Türkiyə dövlətinin sülh çağırışlarına Ermənistan tərəfindən əməl olunmadığını bildirib, insanlığa qarşı törədilmiş Xocalı soyqırımının hər şeydən öncə günah olduğunu, bu hadisənin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.

Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək müasir dövrdə Xocalı soyqırımı kimi ağlasığmaz qətliamların törədilməsinin daha acınacaqlı hal olduğunu, bu qətliamın bütün bəşəriyyət əleyhinə törədilən cinayət sayıldığını, bu səbəbdən Xocalı soyqırımı ilə bağlı aparılan kampaniyaya bütün dünya ictimaiyyətinin qoşulduğunu qeyd edib və bu işlərin hamılıqla bundan sonra da davam etdirilməsi gərəkdiyini vurğulayıb. 

Baş konsul tarix boyu erməni millətçilərinin “Böyük Ermənistan” yaratmaq planları ilə Azərbaycan, İran, Türkiyə və bəzi digər dövlətlərin ərazilərində yerli əhaliyə qarşı bir çox kütləvi qırğınlar törətdiyini, bunun tarixi sənədlərdə də öz əksini tapdığını və arxiv materiallarında saxlanıldığını bildirib. 

O, ermənilərin dünya ictimaiyyətinin diqqətini yayındırmaq, özlərinin törətdiyi cinayətləri ört-basdır etmək məqsədilə qondarma “erməni soyqırımı” və digər yalan iddialarla çıxış etdiyini, Xocalı soyqırımını törədənlərin cəzalandırılmasının və həyata keçirilən tədbirlərlə qətliam haqqında dünya ictimaiyyətinə daha çox məlumat verilməsinin bu cür cinayətlərin təkrarlanmasının qarşısının alınmasında vacib rol oynayacağını vurğulayıb. 

Baş konsul ilk olaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi tərəfindən soyqırım kimi öz siyasi-hüquqi qiymətini alan Xocalı qətliamının tanıdılması, soyqırımı törədənlərin cəzalandırılması istiqamətində Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycan hökuməti və xalqı tərəfindən aparılan işlərin hazırda da davam etdiyini, bu soyqırıma siyasi-hüquqi qiymət verən dövlətlərin və beynəlxalq təşkilatların sayının ilbəil artdığını, hazırda 12 ölkənin, o cümlədən ABŞ-ın 15-dən artıq ştatının, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıdığını bildirib.

Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən sənədli film nümayiş etdirilib və soyqırım qurbanlarının xatirəsinə ehsan verilib. Xocalı faciəsinə dair köynəklər, CD, DVD, broşür, jurnal və bukletlər, fars dilinə tərcümə edilmiş digər əyani materiallar mərasim iştirakçılarına paylanıb. Mərasim iştirakçıları baş konsulluq tərəfindən hazırlanmış Xocalı soyqırımına aid foto-stendə baxmış, həmçinin sərgilənən kitab, jurnal və bukletlərlə tanış olublar. 

Mərasimdə İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, İranın Şərqi Azərbaycan valiliyinin rəsmiləri, Türkiyənin Təbrizdəki baş konsulluğunun əməkdaşları, həmçinin, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi