​Strasburqda AŞPA-nın qış sessiyası başlayır

​Strasburqda AŞPA-nın qış sessiyası başlayır Sessiya zamanı deputatlar Parisdə baş vermiş terror aktı və Ukraynadakı vəziyyətə dair debatlar keçirəcəklər
Xarici siyasət
26 Yanvar , 2015 09:51
​Strasburqda AŞPA-nın qış sessiyası başlayır

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır. "Report" xəbər verir ki, sessiyada deputatlar Parisdə baş vermiş terror aktı və Ukraynadakı vəziyyətə dair debatlar keçirəcəklər.

Sessiyada Büro və Daimi Komitədə görülmüş işlərin hesabatı dinləniləcək, Ukrayna qaçqınlarının və məcburi köçkünlərinin humanitar vəziyyəti, Avropa Şurası və Avropa Birliyi arasında anlaşma memorandumunun həyata keçirilməsi, Monteneqronun Avropa Şurası qarşısında götürdüyü vəzifə və öhdəliklərin yerinə yetirilməsi, Avropada media azadlığının qorunması, qeyri-tolerantlıq və diskriminasiya ilə mübarizə və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Sessiyada İrlandiya prezidenti Maqkl Hiqqins çıxış edəcək, yanvarın 29-da Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerin AŞPA deputatlarına müraciəti gözlənilir.

Sessiya işini yanvarın 30-da başa çatdıracaq.

Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli, deputatlardan Sevinc Fətəliyeva, Elxan Süleymanov, Qənirə Paşayeva, Rafael Hüseynov, Rövşən Rzayev, Aydın Abbasov, Sahibə Qafarova, Sabir Hacıyev və Fazil Mustafa daxildirlər.

Son xəbərlər

Orphus sistemi