Stefan Elqersma: "NATO Azərbaycanla əməkdaşlıq spektrini genişləndirmək niyyətindədir"

Stefan Elqersma: "NATO Azərbaycanla əməkdaşlıq spektrini genişləndirmək niyyətindədir" "Azərbaycan kimi tərəfdaşlarla əməkdaşlıq NATO-nun Varşava sammitində müzakirələrin bir hissəsi olacaq"
Xarici siyasət
7 Mart , 2016 13:33
Stefan Elqersma: NATO Azərbaycanla əməkdaşlıq spektrini genişləndirmək niyyətindədir

Bakı. 7 mart. REPORT.AZ/ "Varşavada keçiriləcək NATO sammitində hazırda Alyansın qarşısında duran bütün əməkdaşlıq məsələləri və təhdidlər müzakirə olunacaq. Əfqanıstandakı vəziyyətə həsr olunmuş ayrıca görüş olacaq. Azərbaycan kimi tərəfdaşlarla əməkdaşlıq da Varşava sammitində müzakirələrin bir hissəsi olacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO-nun mənzil-qərargahının rəsmi nümayəndəsi Stefan Elqersma bildirib.

Onun sözlərinə görə, sammitin proqramı hələ tam işlənib hazırlanmayıb və bu barədə daha geniş məlumat sammitin başlamasına az qalmış kommünike formasında dərc ediləcək.

Qeyd edək ki, NATO-nun Varşava sammiti 2016-cı ilin iyul ayında keçiriləcək.

Azərbaycan nümayəndələrinin Varşava sammitindəki iştirakına gəlincə, NATO-nun rəsmi nümayəndəsi belə deyib: "Dəvətnamələr sonra göndəriləcək. Bu gün üçün onu deyə bilərəm ki, Azərbaycanın bütün əvvəlki sammitlərdə olduğu kimi, NATO-nun Varşava sammitində də təmsil olunacağına ümid edirəm".

S.Elqersma NATO-nun Azərbaycanla əməkdaşlıq spektrini genişləndirmək niyyətində olduğunu da bildirib: "Məsələn, elm sahəsində əlaqələri genişləndirmək, Azərbaycanı Gürcüstanla birgə layihələrə cəlb etmək planları var".

NATO nümayəndəsi tərəflərin hazırda 2017-2018-ci illər üçün NATO və Azərbaycan arasında əməkdaşlığın planlarını işləyib hazırladığını qeyd edib:

"Buna görə əməkdaşlıq sahələrini genişləndirmək planları barədə orta müddətli perspektivdə danışmaq olar. Amma təbii ki, bu məsələdə Azərbaycan tərəfinin də marağının olmasında əmin olmaq lazımdır. Gələn həftə Bakıya NATO-nun ekspertlərdən ibarət nümayəndə heyəti gələcək. Onların səfərinin məqsədi NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (IPAP) gedişatını, eləcə də bizim "Qiymətləndirmə və planlaşdırma prosesi" adlandırdığımız format çərçivəsində tərəflərin qarşıya qoyduğu məqsədləri müzakirə etməkdir.

Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə NATO-nun siyasi bölmələrinin nümayəndələri, eləcə də hərbçilər və NATO komandanlığının nümayəndələri daxil olacaq.

Son xəbərlər

Orphus sistemi