Spiker Oqtay Əsədov Türkiyəyə səfərə gedəcək

Spiker Oqtay Əsədov Türkiyəyə səfərə gedəcək Səfər çərçivəsində onun Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir
Xarici siyasət
9 Mart , 2016 16:50
Spiker Oqtay Əsədov Türkiyəyə səfərə gedəcək

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti martın 10-11-də Türkiyədə rəsmi səfərdə olacaq. Bu barədə "Report"a MM-in mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası işçi qrupunun başçısı Əhliman Əmiraslanov, deputatlardan Şəmsəddin Hacıyev, Ağalar Vəliyev, Malik Həsənov, Çingiz Qənizadə, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Ankarada Türkiyə Böyük Millət Məclisinin fəaliyyəti ilə maraqlanacaqlar.

Burada Milli Məclis sədrinin Türkiyə Böyük Millət Məclisinin Sədri İsmayıl Kahramanla görüşü nəzərdə tutulub. Görüşdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, hər iki parlamentdə fəaliyyət göstərən dostluq qrupları arasında münasibətlərin daha da dərinləşməsi barədə söhbətlər aparılacaq.

Rəsmi səfər zamanı Milli Məclis sədrinin Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla, ölkənin baş naziri Əhməd Davudoğlu ilə görüşləri də gözlənilir. Bu görüşlərdə ikitərəfli əlaqələrin daha da inkişafı, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, regionda vəziyyət, bölgədəki münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılacaq.

Son xəbərlər

Orphus sistemi