Bakı. 1 dekabr. REPORT.AZ/ Dekabrın 1-də Rumıniyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Birlik Günü münasibətilə rəsmi qəbul təşkil edib.
"Report" xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Daniel Kristian Çiobanu ölkəsinin keçdiyi inkişaf yolu haqqında məlumat verib. Azərbaycan-Rumıniya münasibətlərinə toxunan diplomat ölkələrimiz arasında hərtərəfli əlaqələrin son illər sürətlə inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, Rumıniya ilə Azərbaycan arasında strateji əməkdaşlıq mövcuddur.
Energetika naziri Natiq Əliyev əlamətdar gün münasibətilə dost rumın xalqını Azərbaycan Hökuməti adından təbrik edib.
Rumıniyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu deyən nazir ölkələrimiz arasında əlaqələrin əsasının ümummilli lider Heydər Əliyevin 1995-ci ildə bu ölkəyə rəsmi səfəri ilə qoyulduğunu bildirib.
Nazir əmin olduğunu bildirib ki, Azərbaycan ilə Rumıniya arasında əməkdaşlıq istər ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional təşkilatlar çərçivəsində daha da inkişaf edəcək.
Qəbulda rəsmi şəxslər, səfirlər, deputatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.