Bakı. 23 mart. REPORT.AZ/ Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman bu ölkənin əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabaha etimadnaməsini təqdim edib.
Səfirlikdən "Report"a verilən məlumata görə, təqdimat mərasimində fəxri qarovul düzülüb, Azərbaycan Respublikasının dövlət bayrağı yüksəldilib və dövlət himni səsləndirilib.
Söhbət zamanı səfir Azərbaycan Prezidenti İlham Əliyevin iki dost ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Əmir Şeyx Sabah Əl-Əhmədin Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu qeyd edərək, bu səfərin iki ölkə arasında mövcud səmimi münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inandığını söyləyib.
Küveyt əmiri Azərbaycanın ölkəsindəki səfirini qəbul etməkdən məmnun olduğunu bildirib. Əlahəzrət əmir Azərbaycanla əlaqələrin inkişafını alqışladığını və bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.
Görüş zamanı Küveyt dövlətinin rəhbəri Azərbaycana səfər etməsi arzusunun yaxın gələcəkdə reallaşacağına ümidvar olduğunu bildirib.