Səfir: "BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı kəskin artacaq"

Səfir: "BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı kəskin artacaq" "Onların çoxu ov üçün gəlirlər"
Xarici siyasət
11 Fevral , 2016 16:12
Səfir: BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı kəskin artacaq

Bu ölkədən Azərbaycana gələnlərin sayı kəskin artacaq

Bakı. 11 fevral. REPORT.AZ/ "Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında çox yüksək siyasi və iqtisadi əlaqələr mövcuddur və Prezident İlham Əliyevin BƏƏ-yə rəsmi səfərindən sonra iki ölkə arasında əlaqələrdə daha böyüş yüksəliş müşahidə olunacaq".

Bunu "Report"a açıqlamasında Azərbaycanın BƏƏ-dəki yeni səfiri Daşqın Şikarov deyib.

İqtisadi əlaqələrə toxunan səfir bildirib ki, BƏƏ əsasən Azərbaycandan kənd təsərrüfatı məhsullarını idxal edir: "Azərbaycan üçün prioritet sayılan qeyri-neft sektoru sahəsində əlaqələrin genişləndirilməsi üçün müəyyən addımlar atılır".

Ticarət dövriyyəsi barədə danışan D.Şikarov deyib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 60 milyon dollar təşkil edib.

Azərbaycanın turizm sektorunun da inkişafı barədə danışan D.Şikarov xatırladıb ki, bu sahənin inkişafı üçün Azərbaycan hökuməti BƏƏ də daxil olmaqla 10 ölkəyə qarşı viza tələbini sadələşdirib: "Bundan sonra Fars körfəzi ölkələrindən, xüsusilə BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı artacaq. Düzdür, onların çoxu ov üçün gəlirlər, amma indi Azərbaycana sırf istirahət məqsədilə gələnlərin sayı da artacaq".

O, gələcəkdə belə bir addımın BƏƏ tərəfindən Azərbaycan vətəndaşlarına qarşı atılacağına da ümidvar olduğunu vurğulayıb.

Səfir onu da bildirib ki, ötən il Azərbaycanı BƏƏ-dən olan təxminən 5 min turist ziyarət edib: "Bu, təxmini rəqəmlərdir. Viza sadələşdirilməsindən sonra bu rəqəmdə kəskin artım müşahidə olunacaq".

Sonda səfir qeyd edib ki, bu ilin ikinci yarısında Bakıda Azərbaycan-BƏƏ birgə əməkdaşlıq komissiyasının növbəti iclasının keçirilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi