Səfir: "Anar Həsənov peşəkarlıqdan tamamilə uzaq və məsuliyyətsiz bir əməkdaş olub"

Səfir: "Anar Həsənov peşəkarlıqdan tamamilə uzaq və məsuliyyətsiz bir əməkdaş olub" Rövşən Cəmşidov: "Vəzifədən azad edildiyinə görə küskün vəziyyətdə olan Anar Həsənov böhtan və təxribatçı fəaliyyətlə nəyəsə nail olmağa çalışır"
Xarici siyasət
9 Sentyabr , 2015 10:51
Səfir: Anar Həsənov peşəkarlıqdan tamamilə uzaq və məsuliyyətsiz bir əməkdaş olub

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov peşəkarlıqdan və etik davranış qaydalarından tamamilə kənar və məsuliyyətsiz bir əməkdaş olub". 

"Report" xəbər verir ki, bunu Azərbaycanın Avstraliya İttifaqındakı səfiri Rövşən Cəmşidov deyib. 

Səfir qeyd edib ki, A.Həsənov fəaliyyəti dövründə kobud xidməti nöqsanlara yol verib: "O, diplomatik xidmətə tam yararsız olduğunu sübut edib. Onunla nə qədər izahedici iş aparılsa da heç bir faydası olmayıb. Vəzifəsinin artırılması xülyasında olan bu şəxsin hər hansı fərqləndirici peşəkar xüsusiyyətlərinin olmadığını nəzərə alaraq, buna etiraz etmişəm".

R.Cəmşidov bildirib ki, Anar Həsənovun xidmət dövründə yol verdiyi ciddi qüsurlarını və məsuliyyətsiz davranışını nəzərə alaraq, onun uzunmüddətli ezamiyyətdən geri çağırılması barəsində XİN-in rəhbərliyi qarşısında məsələ qaldırıb: "Bu əsasda onun işdən azad edilməsi haqqında qərar qəbul edilib. Təsadüfi deyildir ki, Anar Həsənov 7 illik diplomatik xidməti dövründə sadəcə ən aşağı pillədən bircə addım yuxarı, 3-cü katib vəzifəsinə çatmışdır. Halbuki, 37 yaşlı diplomatlar hazırda nazirlikdə şöbə müdiri, idarə rəisi, xaricdə səfir kimi digər məsul vəzifələrdə çalışmaqdadırlar. Onun xidməti vəzifəsində irəli addım ata bilməməsi şəxsi, professional bacarıq və dünya görüşünün son dərəcə aşağı olduğunun təzahürüdür. Özünün diplomatik xidmətə uyğun gəlmədiyini dərk edən A. Həsənov son əlac kimi şər- böhtanlara əl ataraq diplomatik uğursuzluğunun səbəblərini ört-basdır etməyə çalışır. Sizə qəribə gəlmir ki, Avstraliyadan əvvəl Azərbaycanın Rumıniyadakı səfirliyindən də uzunmüddətli ezamiyyətdən 11 ay sonra o, eyni səbəblərdən geri göndərilmişdir. Bu yaş həddinə çatmış Anar Həsənovun diplomatik xidmətdə irəliləyə bilməməsi XİN-də kadrların seçiminə diqqətlə yanaşıldığını göstərir. İndi təəssüf edirəm ki, belə bir şəxsə səfirlikdə özünü doğrultmaq imkanı verdik.

Əminliklə deyə bilərik ki, xidməti fəaliyyətində qüsurlara yol verən şəxslərin XİN sistemindən azad edilməsi davam etdiriləcəkdir".

Səfirin sözlərinə görə, A.Həsənovun mətbuata verdiyi açıqlamalar həqiqəti əks etdirmir: "Anar Həsənov iddia edir ki, ona qarşı təzyiqlər göstərilir və cəza tədbirləri həyata keçirilir. Xarici ölkədən geri çağırılmaq cəza tədbiridirmi? O, yalan və iftiralarına görə hələ ki, nə istintaqa cəlb edilib, nə məhkəmə orqanlarına izahat verib, nə də ki, həbs altındadır. Ümumiyyətlə Azərbaycan dövlətçiliyinin tarixini şübhə altında qoyan bir şəxsin müstəqil Azərbaycanın mühüm dövlət strukturlarına qara yaxmağa çalışması təəccüb doğurmur.

Tam əminliklə bildirirəm ki, onun tərəfindən KİV-ə ötürülən məlumatlar yalan və böhtan xarakterlidir. Vəzifədən azad edildiyinə görə küskün vəziyyətdə olan Anar Həsənov böhtan və təxribatçı fəaliyyətlə nəyəsə nail olmağa çalışır. Ölkəmizdə KİV-in azadlığı tam şəkildə təmin olunub və hər kəsin ifadə azadlığı hüququ vardır. Amma bu yalan və böhtana əsaslanmamalıdır".

Son xəbərlər

Orphus sistemi