Ramil Usubov gürcüstanlı həmkarını qəbul edib

Ramil Usubov gürcüstanlı həmkarını qəbul edib Nazir iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlıqdan danışıb
Xarici siyasət
26 Noyabr , 2015 12:35
Ramil Usubov gürcüstanlı həmkarını qəbul edib

Bakı. 26 noyabr. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə “Report”a Azərbaycan DİN-in mətbuat xidmətindən məlumat verilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir iki xalq arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin qurulmasında və inkişafında ulu öndər Heydər Əliyevin danılmaz xidmətlərini xatırladıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan rəhbərliyinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə xüsusi önəm verdiklərini qeyd edib. Ramil Usubov bu münasibətlərin ölkə başçılarının siyasi iradəsinə uyğun uğurla inkişaf etdiyini, dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində daha da dərinləşdiyini bildirib. Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın, xüsusilə də transmilli cinayətkarlıqla mübarizə sahəsində birgə əlaqələrin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyi nəzərə çatdırılıb.

Daha sonra nazir Ramil Usubov ölkədəki kriminogen durum barədə qısa məlumat verib.

Daxili işlər naziri mövcud problemlərdən də danışıb, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Giorgi Mqebrişvili səmimi qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, transmilli mütəşəkkil cinayətkarlığa qarşı yalnız birgə səylərlə mübarizə aparılmasına dair Ramil Usubovun mövqeyini bölüşdüyünü, mehriban qonşu və yaxın dost olan Azərbaycanın daxili işlər orqanları ilə ölkəsinin müvafiq qurumları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə Gürcüstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze iştirak edib.

Son xəbərlər

Orphus sistemi