Qırğızıstanda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Qırğızıstanda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib Kant şəhərində ulu öndərin adını daşıyan küçədə iməcilik təşkil edilib, mitinq keçirilib
Xarici siyasət
11 May , 2015 13:29
Qırğızıstanda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycanın Qırğızıstandakı səfirliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirilib. 

Səfirlikdən "Report"a verilən məlumata görə, mayın 10-da Azərbaycanın Qırğızıstandakı səfirliyinin və “Azəri” İctimai Birliyinin birgə təşəbbüsü ilə Qırğızıstanın Kant şəhərində ulu öndər Heydər Əliyev adını daşıyan küçədə iməcilik təşkil edilib.

Ulu Öndər Heydər Əliyevin iki qardaş Azərbaycan və qırğız xalqlarının dostluq əlaqələrinin möhkəmləndirilməində misilsiz xidmətlərini və Qırğız Xalqları Assambleyasına daxil olan “Azəri” İctimai Birliyinin müraciəti nəzərə alınaraq, 2014-cü ilin mayın 16-da Kant şəhərinin Keneşinin (Parlamentinin) 15-ci növbədənkənar sessiyasının qərarı ilə Kant şəhərinin Miçurin küçəsinin adı dəyişdirilərək Heydər Əliyev adı verilib.

İməcilikdə Azərbaycanın Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov, Kant şəhərinin rəhbərləri, ictimai-siyasi xadimlər, bu ölkədəki Azərbaycan diasporunun üzvləri, Qırğızıstanın kütləvi informasiya vasitələrinin təmsilçiləri və bu küçədə yaşayan sakinlər iştirak ediblər.

İməcilik başlamadan öncə çıxış edən ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş mitinq keçirib. Mitinqi “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev açıb.

Sonra çıxış edən səfir Hidayət Orucov ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolu haqqında məlumat verib. O, ulu öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan danışıb. Ümummilli lider Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran səfir ulu öndəri dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik olan dövlət xadimi kimi xarakterizə edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olub.

Səfir böyük dövlət xadimi Heydər Əliyevin qırğız xalqına da xüsusi diqqət və məhəbbət ilə yanaşdığını dilə gətirib.

Açılış çıxış edənlər Kant şəhər Keneşinin (Parlamentinin) sədrinin müavini Gülbayram İbrahimovna, Kant şəhərinin vitse-meri Uran Mirbekov, “Azəri” İctimai birliyinin sədri Əzizağa Əliyev və Azərbaycan nəqliyyat nazirinin müşaviri Çingiz Baxşıyev dahi rəhbər Heydər Əliyevin fenomen bir şəxsiyyət olmasından, onun təkcə Azərbaycan xalqı deyil, bütövlükdə türk dünyası qarşısındakı xidmətlərindən söhbət açıblar.

Sonda çıxış edən Heydər Əliyev adına küçənin sakini Raisa İbraimova Azərbaycan səfirinə bütün sakinlər adından göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib və gül dəstələri hədiyyə edib.

İməcilik çərçivəsində küçədə yerləşən bütün qapılar və bacalar boyanıb, təmizlik işləri aparılıb, uşaq istirahət yerləri bərpa edilib.

Silsilə tədbirlər çərçivəsində bu il mayın 6-da Qırğızıstanın “Piramida” televiziya kanalınında ulu öndər Heydər Əliyevdən bəhs edən, Rusiyanın tanınmış rejissoru Andrey Konçalovskinin çəkdiyi “Hakimiyyətin yükü” adlı filmi nümayiş etdirilib.

Mayın 10-da filmin 1-ci hissəsi və 11-də isə 2-ci hissəsi Qırğız Respublikasının dövlət televiziya kanalı olan KTRK-da nümayiş olunub.

Məlum olduğu kimi, ikihissəli filmdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, milli təhlükəsizlik orqanlarında işlədiyi dövr haqqında söhbət açılır. Filmdə ulu öndərin 1969-cu ildən 1982-ci ilədək Azərbaycana rəhbərlik etdiyi, eləcə də Moskvada işlədiyi dövr də əhatə olunub. Kino əsərində həmçinin dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müstəqil Azərbaycanda yenidən hakimiyyətə qayıtması, ölkəni böhrandan xilas etməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan olunmasındakı xidmətləri və digər məsələlər sənədli təsvirlərin dili ilə şərh edilir.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycanın Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovun Qırğızıstanın rəsmi dövlət qəzeti olan “Kırqız Tuusu” qəzetinin 2015-ci ilin may ayının 5-də çap olunan 35-ci sayında “Dövlət başçısı olmaq vəzifədir, liderlik isə alın yazısıdır” adlı məqaləsi çap olunub.

May ayının 11-də çap olunan Qırğızıstanın ən çox oxucu kütləsinə sahib olan qəzeti olan “Veçernıy Bişkek” qəzetinin növbəti sayında isə eyniadlı məqalə rus dilində dərc edilib.

Məqalədə bildirilib ki, müasir Azərbaycanın memarı olan Heydər Əliyev dövlət institutlarını təkmilləşdirdi, çox ehtiyac duyulan xarici əlaqələrimiz genişləndi, hərtərəfli enerji strategiyası reallaşdı və ölkənin uzunmüddətli inkişafının təməli qoyuldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən hal-hazırda uğurla davam etdirilir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Heydər Əliyevin təşəbbüslərindən danışan səfir deyib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, məcburi köçkünlərin ev-eşiklərinə qaytarılması ilə əlaqədar dörd qətnamə qəbul edib. Lakin işğalçı Ermənistan dövləti hələ də bu sənədləri yerinə yetirmir və bununla da dünya ictimaiyyətinə meydan oxuyur.

Diplomat bildirib: “Ulu Öndər Heydər Əliyev deyirdi: Manasın dili bizim ümumi dilimizdir. Biz kökü bir, dili bir olan xalqlarıq”.

Son xəbərlər

Orphus sistemi