​Prezident İlham Əliyev: “Süleyman Dəmirəlin vəfat etməsi xəbəri məni sarsıtdı”

​Prezident İlham Əliyev: “Süleyman Dəmirəlin vəfat etməsi xəbəri məni sarsıtdı” Dövlət başçısı qardaşı Şevkət Dəmirələ başsağlığı məktubu göndərib
Xarici siyasət
17 İyun , 2015 15:49
​Prezident İlham Əliyev: “Süleyman Dəmirəlin vəfat etməsi xəbəri məni sarsıtdı”

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Süleyman Dəmirəlin qardaşı Şevkət Dəmirələ başsağlığı məktubu göndərib. “Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Hörmətli Şevkət Dəmirəl,

Sizin böyük qardaşınız, Azərbaycan xalqının əsl dostu Süleyman Dəmirəlin vəfat etməsi xəbəri məni sarsıtdı.

Dünyada böyük hörmət və nüfuz qazanmış görkəmli dövlət xadimi, bütün gücünü qardaş Türkiyəyə fədakarcasına xidmətə həsr etmiş gözəl insan dünyasını dəyişib.

Xalqlarımızın iki dahi oğlunun – Heydər Əliyevin və Süleyman Dəmirəlin böyük dostluğu bizim xatirimizdə həmişəlik qalacaq.

Sizə və bütün ailənizə bu ağır itki ilə əlaqədar öz adımdan və bütün ailəmiz adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana da başsağlığı məktubu göndərib. Başsağlığı mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Süleyman Dəmirəl bütün həyat və fəaliyyətini doğma Türkiyənin rifahına həsr edib. O, Türkdilli xalqlar və dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfələr verib. Süleyman Dəmirəl eyni zamanda Azərbaycan xalqının əsl dostu idi. Azərbaycana qəlbən bağlılığı onun müstəqilliyimizə dəstəyində, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi sahəsində xidmətlərində öz ifadəsini tapıb.

Bu ağır itki ilə əlaqədar Sizə, qardaş Türkiyə xalqına, eləcə də mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və kədərinizi bölüşürük”.

Son xəbərlər

Orphus sistemi