Prezident İlham Əliyev rusiyalı kinorejissor Nikita Mixalkovu qəbul edib

Prezident İlham Əliyev rusiyalı kinorejissor Nikita Mixalkovu qəbul edib Kinematoqrafiya sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
1 Aprel , 2015 16:10
Prezident İlham Əliyev rusiyalı kinorejissor Nikita Mixalkovu qəbul edib

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovu qəbul edib. 

“Report” xəbər verir ki, Nikita Mixalkov Azərbaycana səfərindən dərin məmnunluq hissi keçirdiyini bildirib. Bakıda misli görünməmiş inkişafın şahidi olduğunu vurğulayan kinorejissor filmlərindən birinin epizodunun Bakıda çəkildiyini məmnunluqla xatırladıb. Ölkədə gedən böyük inkişaf proseslərinə toxunan Nikita Mixalkov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə göstərdiyi müstəsna xidmətlərin önəmini vurğulayaraq ulu öndərin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyin qurulması və möhkəmləndirilməsindəki rolunu xüsusi qeyd edib.

Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən humanitar sahədə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovun Azərbaycana səfərinin iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyini bildirib. Dövlət başçısı ölkədə mədəniyyətin, o cümlədən kinematoqrafiyanın inkişafına dövlət səviyyəsində qayğı göstərildiyini, Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunması istiqamətində ardıcıl işlər aparıldığını da qeyd edib.

Görüşdə iki ölkə arasında mədəniyyət, o cümlədən kinematoqrafiya sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Nikita Mixalkov Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.

Son xəbərlər

Orphus sistemi