Prezident İlham Əliyev Niderlandın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Niderlandın yeni səfirinin etimadnaməsini qəbul edib Dövlət başçısı Niderlandın bir sıra şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini deyib
Xarici siyasət
14 Sentyabr , 2016 09:34
Prezident İlham Əliyev Niderlandın yeni səfirinin etimadnaməsini qəbul edib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev sentyabrın 14-də Niderland Krallığının Azərbaycanda yeni təyin olunan səfiri Onno Kerversin etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, səfir Onno Kervers fəxri qarovul dəstəsinin qarşısından keçib.

Onno Kervers etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan ilə Niderland arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı qeyd edib ki, ölkəmiz bu əlaqələri daha da genişləndirmək niyyətindədir. Niderland Krallığının baş naziri Mark Rütte ilə beynəlxalq tədbirlər zamanı görüşünü xatırladan Prezident İlham Əliyev bu ölkənin nazirlərinin və digər rəsmi şəxslərinin böyük nümayəndə heyətləri ilə Azərbaycana səfərlərinin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Dövlət başçısı Niderlandın bir sıra şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini, mühüm layihələr həyata keçirdiklərini qeyd edib. Niderland Krallığının Avropa İttifaqının vacib üzvü kimi Avropa məsələlərində mühüm rol oynadığını deyən Prezident İlham Əliyev həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı üçün çox müsbət perspektivlərin mövcud olduğunu bildirib, bu əlaqələrin gələcəkdə uğurla inkişaf edəcəyinə əminliyini vurğulayıb. Dövlət başçısı səfir Onno Kerversin bu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə, iki ölkə arasında əməkdaşlığın uğurlu inkişafının gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.

Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandrın Azərbaycan xalqına və ölkəyə ən xoş arzularını çatdıran səfir Onno Kervers iki dövlət arasında nisbətən qısa müddət ərzində qurulan əlaqələrin dinamik inkişaf etdiyini deyib. Daha sonra səfir Bakının gözəlliyinin onda dərin təəssürat yaratdığını bildirib. Niderland şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə fəal işlər gördüyünü deyən Onno Kervers enerji, informasiya-kommunikasiya texnologiyaları, o cümlədən kənd təsərrüfatı sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandrın xoş arzularına görə minnətdarlığını bildirib, onun da ən xoş arzularını Niderland Kralına çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi