Prezident İlham Əliyev: "Münaqişələr beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır"

Prezident İlham Əliyev: "Münaqişələr beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır" Prezident İlham Əliyev Tbilisidə mətbuata bəyanatlarla çıxış edib
Xarici siyasət
6 Noyabr , 2015 02:19
Prezident İlham Əliyev: Münaqişələr beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır

Bakı. 6 noyabr. REPORT.AZ/ Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər. "Report"-un məlumatına görə, Prezident İlham Əliyev bəyanatında deyib:

“Hörmətli cənab Prezident, hörmətli xanımlar və cənablar.

İlk növbədə mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Qardaş Gürcüstan torpağında yenidən olmağımdan çox məmnunam.

Hörmətli cənab Prezident, Siz də qeyd etdiniz ki, bu yaxınlarda Azərbaycanda parlament seçkiləri keçirilmişdir. Seçkilərdən sonra mənim ilk rəsmi səfərim qardaş Gürcüstana həyata keçirilir. Bu, özlüyündə ikitərəfli əlaqələrə nə qədər böyük qiymət verməyimizi ifadə edən bir haldır.

Bu gün imzaladığımız Birgə Bəyannamə əlaqələrimizin inkişaf perspektivlərini müəyyən edir. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, birgə tariximiz və qardaşlığımız dayanır. Bəyannamədə isə inkişaf perspektivləri haqqında çox konkret müddəalar əksini tapmışdır. Demək olar ki, Gürcüstan və Azərbaycan bütün sahələrdə sıx əməkdaşlıq edir. Biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik. Bütün məsələlərdə, xüsusilə ölkələrin ərazi bütövlüyü ilə bağlı məsələlərdə bir-birimizə daim dəstək, arxa oluruq. Beynəlxalq təşkilatlarda gələcək əməkdaşlıq üçün də çox gözəl imkanlar var. Əminəm ki, iki ölkə gələcəkdə də bir-birinin mövqeyini daim dəstəkləyəcək.

"Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır"

Bəyannamədə münaqişələrin həlli ilə bağlı da çox dəqiq ifadələr əksini tapıb. Bütün münaqişələr, o cümlədən Gürcüstan və Azərbaycan ərazilərində baş vermiş münaqişələr ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır. Uzun illərdir ki, Azərbaycanın əzəli, tarixi torpağı - Dağlıq Qarabağ və ətrafda yerləşən yeddi rayon işğal altındadır. Əfsuslar olsun ki, bu münaqişə bu günə qədər həllini tapmayıb, baxmayaraq, bütün mötəbər beynəlxalq təşkilatlar bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qərar və qətnamələr qəbul etmişlər.

"Əminəm ki, Azərbaycan qazı artıq 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya daha böyük həcmdə çatdırılacaq"

Bizim iqtisadi sahədə çox uğurlu əməkdaşlığımız var. Çox istəyirik ki, ticarət dövriyyəsi daha da artsın və əlbəttə, qarşılıqlı maraq kifayət qədər böyükdür. Azərbaycan Gürcüstana böyük həcmdə sərmayə qoyur. Gürcüstan sərmayə qoyuluşu üçün çox cazibədar ölkədir. Sizin ölkənizdə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Bu münasibətlə Sizi ürəkdən təbrik etmək istəyirəm.

Əlbəttə, bu gün biz enerji və nəqliyyat məsələlərini geniş şəkildə müzakirə etdik. Bir daha öz iradəmizi ortaya qoyduq ki, bu məsələlər, bu layihələr tezliklə həllini tapsın. Xüsusilə, “Cənub” qaz dəhlizi ki, bu gün uğurla icra edilir. Əgər vaxtilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri tikilməsəydi bu gün “Cənub” qaz dəhlizi üçün heç bir əsas olmayacaqdı. “Cənub” qaz dəhlizinin bu gün həm Gürcüstan, həm Azərbaycan, həm Avropa üçün böyük iqtisadi və siyasi mənası vardır. Bu layihə uğurla icra edilir. Əminəm ki, Azərbaycan qazı artıq 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya daha böyük həcmdə çatdırılacaq. Bu, çox böyük layihədir. Hesab edirəm ki, bu gün Avropada reallaşan ən böyük energetika layihəsidir. “Cənub” qaz dəhlizinin reallaşmasına ən azı 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur.

Azərbaycanın çox zəngin və böyük qaz ehtiyatları vardır. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir. Bu, o deməkdir ki, bundan sonra ən azı 100 il ərzində Azərbaycan həm özünü, həm qonşu ölkələri, eyni zamanda, Avropa ölkələrini böyük həcmdə təbii qazla təmin edə biləcək.

Əlbəttə ki, Gürcüstanın və Azərbaycanın birgə fəaliyyəti, gələcəkdə bir mövqedən çıxış etməyimiz bu dəhlizi çox etibarlı dəhliz kimi ortaya qoyacaq. Beləliklə, ölkələrimizin geosiyasi əhəmiyyəti artacaq. Əlbəttə ki, bizim gəlirlərimiz də çoxalacaq.

"Biz çox istəyirik ki, Gürcüstan və Azərbaycan yükdaşıma sahəsində bir mövqedən çıxış etsinlər"

Bu gün geniş tərkibdəki görüşdə məlumat verdim ki, bu yaxınlarda Azərbaycanda tranzit yüklərlə bağlı Koordinasiya Şurası yaradılmışdır. Biz çox istəyirik ki, Gürcüstan və Azərbaycan yükdaşıma sahəsində bir mövqedən çıxış etsinlər. Biz ölkə ərazisindən keçən yüklərin həcmini böyük dərəcədə artırmaq üçün vahid tarif siyasəti apara bilərik. Bu, mümkündür. Hesab edirəm ki, gələcəkdə yük göndərməsi mümkün olan ölkələrdə birgə təqdimat mərasimləri də keçirilə bilər. Bu gün dünyada yüklər uğrunda mübarizə gedir. Əsas məsələ ondan ibarətdir ki, bu, sağlam mübarizə, sağlam rəqabət olsun. Əgər belə olarsa, onda Gürcüstanın və Azərbaycanın təklif etdiyi tranzit imkanları əlbəttə ki, üstünlük təşkil edəcək.

Əlbəttə, bu gün digər məsələlər də müzakirə edildi. Mən çox şadam ki, müzakirə olunan bütün məsələlərlə bağlı bizim heç bir fikir ayrılığımız yoxdur. Biz dostuq, qardaşıq. Mənim uğurlu səfərim bizim gələcək dinamik əməkdaşlığımız üçün də gözəl bir addımdır.

Bir daha mənə, nümayəndə heyətinə göstərdiyiniz diqqətə və qonaqpərvərliyə görə Sizə minnətdaram. Sağ olun”.

Son xəbərlər

Orphus sistemi