Prezident İlham Əliyev monteneqrolu həmkarı ilə görüşüb

Prezident İlham Əliyev monteneqrolu həmkarı ilə görüşüb Filip Vuyanoviç Monteneqronun SOCAR ilə əməkdaşlığın genişləndilməsində maraqlı olduğunu deyib
Xarici siyasət
9 Mart , 2016 17:36
Prezident İlham Əliyev monteneqrolu həmkarı ilə görüşüb

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç ilə görüşüb. “Report” xəbər verir ki, Monteneqronun Prezidenti Filip Vuyanoviç iki ölkə arasında möhkəm və yüksək səviyyəli dostluq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib, ikitərəfli əlaqələrin inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Özünün Azərbaycana, eləcə də Prezident İlham Əliyevin Monteneqroya səfərlərini və keçirdikləri görüşləri xatırlayan Filip Vuyanoviç bu səfərlər zamanı ikitərəfli əlaqələrimizin gələcək inkişafı üçün bazanın yaradıldığını deyib. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də yaxşı imkanların mövcud olduğunu vurğulayan Filip Vuyanoviç ölkələrimiz arasında imzalanmış çoxsaylı müqavilələrin önəmini qeyd edib. Filip Vuyanoviç Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ölkəsinə sərmayə qoyuluşunu yüksək qiymətləndirib, Monteneqronun SOCAR ilə əməkdaşlığın genişləndilməsində maraqlı olduğunu deyib. Ölkəsinin “Cənub Qaz Dəhlizi” layihəsində iştirakına böyük əhəmiyyət verdiyini vurğulayan Monteneqro Respublikasının Prezidenti bu layihənin qitələr və regionlar arasında əməkdaşlığın inkişafı baxımından önəmini qeyd edib, bu layihənin sözün əsl mənasında “Əsrin layihəsi” olduğunu vurğulayıb.

Azərbaycan ilə Monteneqro arasında ikitərəfli əlaqələrin səviyyəsinin razılıq doğurduğunu deyən dövlət başçısı İlham Əliyev ölkələrimiz arasında dostluq əlaqələrinin yaradılmasını məmnunluqla qeyd edib, bu münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı həmin səfərlər çərçivəsində qəbul edilən qərarların uğurla icra olunduğunu deyib. Prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif sahələrdə, o cümlədən sərmayə qoyuluşu istiqamətində genişləndirilməsi üçün işlərin də aparıldığını qeyd edib. “Cənub Qaz Dəhlizi” layihəsinin artıq reallığa çevrildiyini bildirən dövlət başçısı layihənin Məşvərət Şurasının bu yaxınlarda Bakıda keçirilən ikinci toplantısında Monteneqro nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirib və toplantı çərçivəsində 11 ölkənin nümayəndəsi, eləcə də Avropa Komissiyası tərəfindən imzalanan Birgə Bəyannamənin önəmini qeyd edib.

Görüşdə IV Qlobal Bakı Forumunun beynəlxalq müzakirə məkanına çevrildiyi, tədbirə marağın getdikcə daha da artdığı vurğulanıb, dünyada və regionda baş verən proseslərin müzakirəsi üçün Forumun yaxşı imkan yaradacağına əminlik ifadə olunub.

Son xəbərlər

Orphus sistemi