Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Koreya Respublikasının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyunun etimadnaməsini qəbul edib. “Report”un xəbərinə görə, səfir Kim Çanq-gyu fəxri qarovul dəstəsinin qarşısından keçib. Kim Çanq-gyu etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycanın Koreya ilə dostluq əlaqələrini genişləndirmək niyyətində olduğunu vurğulayan dövlət başçısı iki ölkə arasında inşaat və digər ənənəvi sahələrdən başqa əməkdaşlığın yeni istiqamətlərinin də mövcud olduğunu deyib. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolunu xüsusi qeyd edib. Qarşılıqlı sərmayə qoyuluşuna toxunan dövlət başçısı Azərbaycanın daha çox sayda Koreya şirkətlərinin ölkəmizdə fəaliyyət göstərməsində maraqlı olduğunu vurğulayaraq investisiya qoyuluşu üçün Azərbaycanda yaxşı imkanların olduğunu deyib. Prezident İlham Əliyev səfirin diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycanın yüksək nailiyyətlər əldə etməsində ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd edən səfir Kim Çanq-gyu qazanılan uğurlar münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına böyük ehtiramını ifadə edib. O, ölkədə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da inkişaf etdirilməsi ilə bağlı Koreya və Azərbaycan rəhbərlərinin göstərişlərinin yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə iki ölkə arasında əməkdaşlığın sərmayə qoyuluşu, yüksək texnologiyalar, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.