​Prezident İlham Əliyev iki ölkənin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib

​Prezident İlham Əliyev iki ölkənin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib Dövlət başçısı yəhudi icmasının Azərbaycanın iqtisadi və mədəni həyatında da fəal iştirak etdiyini vurğulayıb
Xarici siyasət
31 Avqust , 2015 15:17
​Prezident İlham Əliyev iki ölkənin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də İsrail Dövlətinin ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stavın etimadnaməsini qəbul edib. “Report”un xəbərinə görə, Dan Stav etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Səfir Dan Stav Azərbaycanın sabitlik məkanı olmasının, xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşamalarının önəmini qeyd edib. Diplomat Azərbaycanda olduğu qısa vaxt ərzində bunun şahidi olmasından məmnunluğunu ifadə edib. Səfir Azərbaycanda mövcud olan tolerantlığın ölkəsində yüksək dəyərləndirildiyini deyib.

Prezident İlham Əliyev Azərbaycanda dini tolerantlığın, multikulturalizmin hökm sürdüyünü vurğulayaraq ölkədə yaşayan müxtəlif xalqların, o cümlədən yəhudi xalqının bu tolerantlığın, multikulturalizmin yaratdığı dəyərlərdən bəhrələndiyini deyib. Dövlət başçısı yəhudi icmasının Azərbaycanın iqtisadi və mədəni həyatında da fəal iştirak etdiyini vurğulayıb.

Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edildi, iqtisadi, enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Latviya Respublikasının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsun da etimadnaməsini qəbul edib.

Yuris Maklakovs etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı iki ölkə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin möhkəmlənməsi baxımından önəmini qeyd edib. Prezident İlham Əliyev əməkdaşlığın daha da genişləndirilməsi üçün təkcə ənənəvi deyil, eyni zamanda, yeni sahələrin müəyyənləşdirilməsinin zəruriliyini vurğulayıb. Dövlət başçısı Yuris Maklakovsun ölkədəki səfirlik fəaliyyəti dövründə Azərbaycanın müvafiq nazirlik və qurumları ilə səmərəli əməkdaşlıq həyata keçirərək münasibətlərin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Xoş sözlərə görə minnətdarlığını bildirən Yuris Maklakovs ilk növbədə Latviya Prezidenti Raymonds Veyonisin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Səfir Prezident İlham Əliyevin Latviyaya səfərinin ölkəsində məmnunluqla xatırlandığını vurğulayıb. İqtisadi əməkdaşlığın daha da genişləndirilməsini qarşıya qoyulan prioritet vəzifələrdən biri olduğunu deyən Yuris Maklakovs səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.

Görüşdə iki ölkə arasında iqtisadi, sərmayə qoyuluşu, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Prezident Raymonds Veyonisin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Latviya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi