Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib Görüşlərdə mədəniyyət və turizm sahəsində layihə və təkliflərinin nazirliyə təqdim olunması müzakirə edilib
Xarici siyasət
16 Fevral , 2015 16:23

Bakı. 16 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

"Report" xəbər verir ki, Məhəmməd Cavad Zərif İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdırıb. İki ölkə arasında əlaqələrin bütün sahələri əhatə etdiyini bildirən Azərbaycan Prezidenti münasibətlərin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhani ilə keçirdiyi görüşlər zamanı qəbul edilən qərarların önəmini qeyd edib. Dövlət başçısı İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətinin ölkəyə səfərinin məhsuldar olacağına və əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. 

Xarici işlər naziri Məhəmməd Cavad Zərif iki ölkə arasında ikitərəfli əlaqələrin dərin tarixə malik olduğunu vurğulayıb. O, İran-Azərbaycan münasibətlərinin qurulmasında Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin xidmətlərini böyük ehtiramla xatırladıb. İranın xarici işlər naziri iki ölkə arasında əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə iki ölkə arasında regional təhlükəsizlik, terrorizmə qarşı mübarizə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, enerji, nəqliyyat, müasir texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi