Prezident İlham Əliyev: “Azərbaycan xalqı hər zaman olduğu kimi Türk xalqının yanındadır” - YENİLƏNİB

Prezident İlham Əliyev: “Azərbaycan xalqı hər zaman olduğu kimi Türk xalqının yanındadır” - YENİLƏNİB Dövlət başçısı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib
Xarici siyasət
18 Fevral , 2016 12:50
Prezident İlham Əliyev: “Azərbaycan xalqı hər zaman olduğu kimi Türk xalqının yanındadır” - YENİLƏNİB

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. “Report”un xəbərinə görə, fevralın 17-də Ankarada törədilmiş terror aktı nəticəsində insanların həlak olması ilə bağlı Mövlud Çavuşoğluna və türk xalqına başsağlığı verən dövlət başçısı bu terrorun Azərbaycanı da sarsıtdığını vurğulayaraq hadisənin ölkəmizdə qətiyyətlə pislənildiyini və qınanıldığını deyib. Prezident İlham Əliyev həmişə olduğu kimi, bu ağır günlərdə də Azərbaycan xalqının türk xalqının yanında olduğunu qeyd edib. “Fevralın 17-də qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan axşam saatlarında mənə telefonla zəng etdi və bildirdi ki, bu hadisə ilə əlaqədar Bakıya gələ bilməyəcək. Təbii ki, biz bunu anlayırıq. Mən ona da Azərbaycan xalqının başsağlığını ifadə etdim, şəhid olanlara Allahdan rəhmət, yaxınlarına səbir və yaralı qardaşlarımıza şəfa dilədim”, - dövlət başçısı bildirib.

Prezident İlham Əliyev Türkiyə Prezidenti üçün münasib olan bir vaxtda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasınınAzərbaycanda keçiriləcəyi ilə bağlı razılaşdıqlarını da qeyd etdi. İki ölkə arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əhəmiyyətindən danışan dövlətimizin başçısı bunu birliyimizin ifadəsi kimi dəyərləndirib. Şuranın iclasının gündəliyinin geniş olduğunu və burada bir çox məsələlərin müzakirə ediləcəyini deyən dövlət başçısı iclasın yaxın vaxtlarda keçiriləcəyinə əminliyini ifadə edib.

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 17-də Ankarada törədilmiş terror aktı nəticəsində insanların həlak olması ilə bağlı verdiyi başsağlığına, qardaş Azərbaycan xalqının və şəxsən Prezident İlham Əliyevin hər zaman olduğu kimi, bu ağır günlərdə də Türkiyənin və türk xalqının yanında olmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Terrorun bütün formalarına qarşı mübarizənin vacibliyini vurğulayan Mövlud Çavuşoğlu terrora qarşı mübarizənin bundan sonra da davam etdiriləcəyini qeyd edib. O, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının yaxın vaxtlarda gerçəkləşəcəyinə və dövlət başçılarının liderliyi ilə ölkələrimiz arasında münasibətlərin daha da irəliyə aparılacağına əminliyini ifadə edib.

Mövlud Çavuşoğlu son zamanlar Azərbaycanda iqtisadi, o cümlədən ölkə həyatının bütün sahələrinin inkişafı ilə bağlı qəbul olunan qərarların ölkəsində rəğbətlə qarşılandığını dedi və qardaş Azərbaycanın gələcəyi ilə bağlı Prezident İlham Əliyevin liderliyi ilə görülən bütün işlərdə uğurlar arzulayıb.

Qeyd edək ki, fevralın 18-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçiriləcəkdi. Lakin fevralın 17-də Ankarada törədilən terror səbəbindən bu toplantının keçirilməsi təxirə salınıb. Ankaradakı terror nəticəsində 28 nəfər həyatını itirib, 61 nəfər isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi