Prezident İlham Əliyev Almaniya Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədrini qəbul edib

Prezident İlham Əliyev Almaniya Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədrini qəbul edib Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığının xüsusi rolu qeyd olunub
Xarici siyasət
14 May , 2015 19:22
Prezident İlham Əliyev Almaniya Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədrini qəbul edib

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrentsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, xanım Karin Ştrents xatirə hədiyyəsini dövlətimizin başçısına təqdim edib.

Azərbaycan ilə Almaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı Bundestaqın Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrentsin başçılıq etdiyi nümayəndə heyətinin ölkəyə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin önəmini qeyd edən Prezident İlham Əliyev Almaniyaya səfərini və orada keçirdiyi səmərəli görüşləri məmnunluqla xatırlayıb.

Almaniya Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrents Azərbaycanın bu il tarixi bir hadisənin - birinci Avropa Oyunlarının təşkilatçısı olmasının əhəmiyyətini vurğulayaraq ölkəsinin bu yarışları yaxından izləmək arzusunda olduğunu deyib. Azərbaycanla bağlı ədalətli mövqe nümayiş etdirilməsinin zəruriliyini vurğulayan xanım Karin Ştrents bildirib ki, biz çalışacağıq ikili standartlar olmasın, ədalətli mövqe olsun. İkili standartlar bizi də narahat edir.

Dövlət başçısı birinci Avropa Oyunları ərəfəsində ədalətsiz mövqe nümayiş etdirilməsinin Olimpiya Oyunlarının ruhuna və nizamnaməsinə uyğun olmadığını təəssüflə qeyd edib. Prezident İlham Əliyev bütün dövlətlərə eyni cür yanaşmanın vacibliyinə toxunub, bildirib ki, ikili standartlar həm ölkədə, həm də Avropada ictimai fikrə mənfi təsir göstərir.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığının xüsusi rolu qeyd olunub, ölkənin təşəbbüsü ilə reallaşan iri enerji layihələrinin önəmi vurğulanıb, TANAP və TAP layihələrinin perspektivindən danışılıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi