Peru səfiri: Azərbaycanı güclü tərəfdaş və dost sayırıq - MÜSAHİBƏ

Peru səfiri: Azərbaycanı güclü tərəfdaş və dost sayırıq - MÜSAHİBƏ Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Latın Amerikasında isə Peru bu təşəbbüsü dəstəkləməklə il sonuna açılışı gözlənilən Cancay Meqaportu nəhəng layihəsi ilə Cənubi Amerika və Asiya
Xarici siyasət
5 Aprel , 2024 13:12
Peru səfiri: Azərbaycanı güclü tərəfdaş və dost sayırıq - MÜSAHİBƏ

Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Latın Amerikasında isə Peru bu təşəbbüsü dəstəkləməklə ilin sonuna açılışı gözlənilən Çancay Meqaportu nəhəng layihəsini Cənubi Amerika və Asiya arasında strateji ticarət mərkəzinə çevrirməyi qarşısına məqsəd qoyub.

Perunun Azərbaycandakı qeyri-rezident səfiri (eyni zamanda Türkiyədəki səfiri və iqamətgahı Ankarada yerləşir-red.) Sezar Auqusto de las Kasas Dias “Report”un Ankara bürosuna müsahibəsində iki ölkə arasındakı əlaqələr haqqında danışıb.

- Cənab səfir, 2023-cü ilin yanvarında etimadnamənizi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdiniz. Bu görüşdən hansı təəssüratlarla ayrıldınız?

- Prezidentlə dialoq çox mehriban və səmimi şəraitdə keçdi. Hesab edirəm ki, müsbət nəticələr olacaq. İlham Əliyev çox ağıllı siyasətçidir və ölkənin lideridir. Biz ikitərəfli ticarətin təşviqi və Peruda Azərbaycan sərmayələrinin imkanları haqqında bir çox məsələlərdən danışdıq. Mən Prezidentə bu ilin sonunda açılışı olacaq Perunun paytaxtı Limadan 80 kilometr aralıda yerləşən, dərin su limanı – Çancay Meqaportu haqqında məlumat verdim. Bu böyük layihə Çinin “Bir kəmər və yol” təşəbbüsünün bir hissəsidir.

Mən cənab Prezidentlə söhbətimdə Çancay Meqaportunun Orta Dəhlizlə və Qafqaz regionunda digər ölkələrlə birləşdirilməsinin məqsədəuyğun hesab etdiyimi bildirdim. Çancay Meqaportu qitədə logistika və nəqliyyat mərkəzi kimi fəaliyyət göstərmək üçün yüksək infrastruktura və texnologiyaya malik regionun ən böyük limanı olacaq. Trans-Sakit Okean iqtisadi dəhlizini həyata keçirə bilən Çancay Meqaportu ölkəmizi Cənubi Amerika və Asiya arasında strateji ticarət və liman mərkəzinə çevirməyi hədəfləyir.

Bu baxımdan “Bir kəmər, bir yol” layihəsində həlledici olan Peru ilə Azərbaycan Asiya, Avropa və Cənubi Amerika arasında da strateji rol oynayan ölkələrdir. Odur ki, Azərbaycanla Peru arasında dialoq daimi və dəyərlidir.

- Azərbaycanda səfir kimi fəaliyyətinizin əsas istiqamətləri hansı məsələləri əhatə edir?

- Mən Peru ilə Azərbaycan arasındakı dostluğu fəal şəkildə təşviq etmək öhdəliyini üzərimə götürmüşəm və buna sadiqəm. Əsas diqqəti ikitərəfli ticarət mübadiləsini artırmağa, bundan əlavə, Bakıda keçirilən müxtəlif tədbirlərdə Perunun mədəni və tarixi irsini yaymaqla, tariximizi və mədəniyyətimizi daha yaxşı qarşılıqlı şəkildə tanımağa, hər iki ölkə arasında coğrafi məsafədəki boşluqları aradan qaldırmağa çalışıram. Eyni zamanda, mən ölkələrimiz arasındakı əməkdaşlıq imkanlarını öyrənirəm və bu imkanların tətbiqi yollarını axtarıram.

- İki ölkə arasında əlaqələrin inkişafı üçün hansı sahələrə üstünlük vermək olar?

- Biz Azərbaycanı Peru üçün bir çox istiqamətlərdə güclü tərəfdaş, dost hesab edirik. Dediyim kimi, biz kommersiya mübadiləmizin digər bazarlara giriş qapısı olduğunu nəzərə alaraq, onun artırılmasına üstünlük verəcəyik. Azərbaycanın təbii qaz və gübrə baxımından əhəmiyyətini də qeyd etmək lazımdır ki, bu da bizim üçün çox faydalı ola bilər.

- İki ölkə arasında mədəni əlaqələr haqqında nə deyə bilərsiniz? Humanitar sahədə xalqlar və mədəniyyətlər arasında əlaqələrin inkişafı ilə bağlı hansı planlarınız var?

- Biz ölkəmizin tarixini və mədəniyyətini öyrənmək üçün bir yol kimi mədəni əməkdaşlıq imkanlarını inkişaf etdirməyə çalışacağıq. Perunun təqdim edəcəyi və nümayiş etdirəcəyi zənginlikləri çoxdur. Mədəni baxımdan hər iki xalqın çox zəngin və maraqlı tarixi var. Perunu Azərbaycana yaxınlaşdırmaq və coğrafi məsafələri azaltmaq üçün digər tədbirlərlə yanaşı, sərgilər, filmlər təqdim etməyə çalışacağıq.

Baxın, Ankaradakı iqamətgahımızda xalqımızın ənənələri ilə bağlı kiçik vitrinlər düzəltmişik. Bu rəngbərəng öküzlər bizim üçün məhsuldarlıq, qoruyuculuq və s. simvoludur. Digər bir mənzərə kəndlilərimizin qarğıdalı məhsulunun toplanma mövsümünü əks etdirir. Eləcə də digər suvenirlər bu kiçik məkanımızı bəzəyir. Müəyyən vaxtlarda müxtəlif əl işləri, rəsm sərgiləri təşkil edirik. Bütün bunları Azərbaycanda da nümayiş etdirmək istəyirik.

- Perunun gözəl mənzərəli rəngarəng Göy qursağı dağları da var. Bu dağ yalnız turizm məqsədilə istifadə olunur?

- Bəli, həqiqətən çox gözəldir. Perunun Qusko bölgəsində And dağlarının Vilkanot sırasında Vinikunka adlı dağımız var. Yerli xalq ona rəngli təpə adı verib. Bu ərazi göy qursağı kimi müxtəlif rənglərdədir. Bu ərazi əsasən 2016-cı ildən turistlərin daha çox diqqətini cəlb etməyə başladı. Yerlilər turistləri o ərazilərlə sevinclə tanış edir.

- Azərbaycan Perudan, Peru isə ölkəmizdən əsasən hansı məhsulları alır?

- Mən ticarətin artması üçün lazımi şəraitin yaradılmasına diqqət yetirəcəyəm. Qarşılıqlı olaraq nəyə ehtiyac var? Bizim əhatə edə biləcəyimiz boşluqları və ehtiyacları öyrənmək vacibdir. Uzun coğrafi məsafələri də nəzərə alaraq hazırda mövcud olmayan ikitərəfli ticarətimizi artırmaq üçün çox çalışmalıyıq.

- İki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi gözlənilirmi?

- Türkiyə ilə hava xidməti müqaviləsi ratifikasiya mərhələsindədir. Hesab edirəm ki, bu, Peru ilə Türkiyə və digər region ölkələri arasında daha geniş, daha yaxşı hava əlaqəsi imkanlarına fürsət verəcək. Nəticədə ölkələrimiz arasında İstanbul vasitəsilə daha qısa marşrutlardan istifadə mümkün olacaq.

- Ölkəniz yaxın gələcəkdə Azərbaycanda səfirlik aça bilərmi?

- Səfirlik açmaq üçün biz iqtisadi-ticarət əlaqələrimizi artırmalı, bu istiqamətdə çox çalışmalıyıq. Bundan sonra resursların mövcudluğunu müəyyən etmək üçün tam iqtisadi və büdcə qiymətləndirmə prosesi aparılır. Ona görə də əlaqələrimizin səviyyəsini yüksəltməyə çalışacağıq.

- Yaxın gələcəkdə hansısa yüksək səviyyəli səfərlər gözlənilirmi?

- Növbəti aylarda ölkələrimiz arasında Siyasi Məsləhətləşmələr üçün Birinci Mexanizm Tədbiri keçiriləcək. Eyni zamanda yaxın günlərdə Azərbaycandan səlahiyyətli nümayəndə heyətinin Peruya yüksək səviyyəli səfəri gözlənilir.

- Azərbaycana ilk dəfə səfər etdiniz. Ölkəmiz haqqında nə təəssüratlarınız necədir?

- Azərbaycanda qeyri-rezident səfir kimi etimadnaməmi təqdim etmək üçün Bakıya ilk dəfə getmək fürsətim oldu. Azərbaycan qonaqpərvərliyinə şahid olmaq, bir az şəhəri gəzmək, Bakının gözəl memarlıq mənzərələrini görmək şansı qazandım. İstiqanlı, mehriban insanlarınız məni çox heyran etdi. Hətta həyat yoldaşımla birlikdə bir gənc xanımın telefonundan istifadə edərək taksi sifarişimiz oldu. Xanım bizimlə çox səmimi davrandı, hətta maşına minib otelə qayıtmaq üçün bizi müşayiət etdi. Belə bir səmimi münasibətə görə xanmımla duyğulandıq. Təkcə bu nüans bizə Azərbaycan xalqının mərhəməti və xeyirxahlığı haqqında çox şey dedi.

Son xəbərlər

Orphus sistemi