​Ötən il Qırğızıstanla Azərbaycan arasında əmtəə dövriyyəsi 1,5 dəfə artıb

​Ötən il Qırğızıstanla Azərbaycan arasında əmtəə dövriyyəsi 1,5 dəfə artıb Səfir Hidayət Orucov Qırğız parlamentinin sədri ilə görüşüb
Xarici siyasət
13 Aprel , 2015 20:20
​Ötən il Qırğızıstanla Azərbaycan arasında əmtəə dövriyyəsi 1,5 dəfə artıb

Bakı. 13 aprel. REPORT.AZ/ Qırğız Respublikası Joqorku Keneşinin (Parlamentinin) sədri Asılbek Jeenbekov və Azərbaycanın Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov arasında görüş keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, Asılbek Jeenbekov son illər Azərbaycanın nailiyyətləri haqqında danışaraq, ölkələrarası müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, xüsusilə iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsində Qırğız tərəfinin maraqlı olduğunu vurğulayıb.

Hidayət Orucov öz növbəsində Qırğızstanın sosial-iqtisadi vəziyyətinin sabitliyə yönəlməsi və xalqın rifahının artırılmasında ölkənin indiki hakimiyyətinin, o sırada Parlamentinin sədrinin fəaliyyətini yüksək qiymətləndirib. O, 2014-cü ildə Qırğızıstan ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin 2013-cü illə müqayisədə 1,5 dəfə artdığını, amma buna baxmayaraq ölkələrarası əməkdaşlığın daha da inkişafı üçün böyük istifadə edilməmiş potensialın olduğunu bildirib. Səfir son vaxtlar Azərbaycan və Qırğızıstan parlamentlərarası əlaqələrin genişlənməsi məsələsinə toxunaraq Qırğızıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Kurmanbek Dıykanbayevin və digər deputatların səmərəli fəaliyyətləri ilə bağlı sədrə məlumat verib. O vurğulayıb ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və humanitar, iqtisadi sahədə deyil, həm də parlamentlərarası sahədə inkişaf etməkdədir və bu xətt Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının prezidenti Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir. Hidayət Orucov cari ilin iyun ayında Bakıda keçiriləcək İlk Avropa Oyunları haqqında danışaraq Azərbaycanın bu oyunlara hazır olduğunu qeyd edib.

Sədr Azərbaycanın belə yüksək tədbirə ev sahibliyi etməsini yüksək qiymətləndirib və Oyunların uğurla keçirilməsini arzulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi