Nazir müavini: "Hindistan Azərbaycanla ticarət əməkdaşlığının gücləndirilməsinin tərəfdarıdır"

Nazir müavini: "Hindistan Azərbaycanla ticarət əməkdaşlığının gücləndirilməsinin tərəfdarıdır" "Birbaşa reyslərin açılması üçün turist marağı və viza prosedurlarının sadələşdirilməsi lazımdır"
Xarici siyasət
29 İyul , 2016 11:30
Nazir müavini: Hindistan Azərbaycanla ticarət əməkdaşlığının gücləndirilməsinin tərəfdarıdır

Bakı. 29 iyul. REPORT.AZ/ "Azərbaycan və Hindistan arasında ikitərəfli əlaqələrin səviyyəsinə müxtəlif prizmalardan baxmaq olar. Bu əlaqələrə iqtisadi nöqteyi-nəzərdən baxsaq, ölkələr arasında ticarət aşağı səviyyədədir".

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Hindistan xarici işlər nazirinin müavini Sucata Mehta deyib.

Onun sözlərinə görə, ticarət səviyyəsinin azalması neftin qiymətinin düşməsi və Hindistandan ixrac olunan malların həcminin azalması ilə bağlıdır.

"Siyasi əlaqələr baxımından, hesab edirəm ki, bunun üçün yaxşı bazamız var. Bir çox məsələlər üzrə razılışmalarımız var. Azərbaycanın coğrafi mövqeyi vacib amildir: o, bizə ikitərəfli münasibətləri daha da inkişaf etdirmək imkanı verir. Ölkəniz Avropanı Asiya ilə birləşdirir. Buna görə də bu, müxtəlif sahələr üzrə çalışa biləcəyimiz sferadır", - deyə nazir müavini bildirib.

S.Mehta, həmçinin Hindistan və Rusiya arasında Azərbaycan ərazisindən keçməklə nəqliyyat dəhlizinin açılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, hər iki tərəf bu layihədə maraqlıdır: "Eyni zamanda, biz energetika sahəsində əlaqələrin qurulmasında maraqlıyıq. Çoxsaylı əhaliyə malik Hindistan ən böyük enerji istehlakçılarından biridir. Bununla belə, yalnız neft və qaz sənayesinə diqqət ayıra bilmərik. Bərpa olunan enerji mənbələrinin inkişafı üçün də potensial var".

Birbaşa reyslərin həyata keçirilməsinin mümkünlüyü barədə danışan S.Mehta söyləyib ki, bunun üçün turist marağı olmalıdır: "Digər vacib məsələ viza verilməsi prosedurudur. Çünki o, çox vaxt alır. Turizmin inkişafı üçün viza prosedurları sadələşdirilməlidir. Yalnız bundan sonra birbaşa reyslərin açılmasını gözləmək olar".

Son xəbərlər

Orphus sistemi