Nazir Elmar Məmmədyarov: "Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa malikdir"

Nazir Elmar Məmmədyarov: "Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa malikdir" Azərbaycan XİN rəhbəri Polşa xarici işlər nazirinin müavini ilə görüşüb
Xarici siyasət
18 Sentyabr , 2014 14:56
Nazir Elmar Məmmədyarov: Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa malikdir

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkədə səfərdə olan Polşanın xarici işlər nazirinin müavini Tomaş Orlovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata əsasən, görüşdə iki ölkə arasında əlaqələrin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Tomaş Orlovski Polşa tərəfindən Azərbaycanın Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin təmin olunmasında rolunun yüksək qiymətləndirildiyini qeyd edib. O, beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün NATO əməliyyatlarına verdiyi töhfələrinə görə də Azərbaycana təşəkkürünü ifadə edib.

Azərbaycanlı nazir isə öz növbəsində məlumat verib ki, sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyi qeyd olunacaq və bu çərçivədə Bakıda Cənub Qaz dəhlizinin genişləndirilməsi və Trans-Anadolu layihəsinin təməlqoyma mərasimi keçiriləcək.

Daha sonra Elmar Məmmədyarov qonağa Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib və münaqişənin region üçün əsas təhlükə mənbəyi olduğunu qeyd edib.

E.Məmmədyarov eyni zamanda Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə enerji sahəsində strateji tərəfdaşlığa malik olduğunu qeyd edərək, ölkənin digər sahələrdə də Aİ ilə strateji tərəfdaşlıq münasibətləri qurmaq niyyətini ifadə edib.

Görüşdə regional proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi