​Milli Məclisin sədri Tokioda Yaponiya İmperatoru və baş naziri ilə görüşüb

​Milli Məclisin sədri Tokioda Yaponiya İmperatoru və baş naziri ilə görüşüb Görüşlərdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və digər rəsmilər iştirak ediblər
Xarici siyasət
20 Aprel , 2015 19:21
​Milli Məclisin sədri Tokioda Yaponiya İmperatoru və baş naziri ilə görüşüb

Bakı. 20 aprel. REPORT.AZ/ Yaponiyada rəsmi səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov aprelin 20-də İmperator əlahəzrət Akihito ilə görüşüb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin sədrini Tokioda salamlamaqdan məmnunluğunu bildirən Yaponiya İmperatoru qeyd edib ki, parlamentlər arasında mövcud olan dostluq əlaqələri ölkələrimizin əməkdaşlığının inkişafında mühüm rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İmperator Akihitoya çatdırmaqdan məmnunluğunu vurğulayan Oqtay Əsədov Yaponiya hökumətinə rəsmi dəvətə görə təşəkkürünü bildirib. Milli Məclisin sədri Azərbaycan parlament nümayəndə heyətinin Yaponiyaya bu səfərinin ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Ölkəmizdə son illər həyata keçirilən iri beynəlxalq layihələr barədə məlumat verən Oqtay Əsədov artıq Azərbaycan qazının Avropaya nəqli ilə bağlı yeni layihələrin reallaşması istiqamətində mühüm addımların atıldığını qeyd edib. Bildirib ki, Azərbaycan regionda yalnız energetika sahəsində deyil, eyni zamanda, mühüm nəqliyyat layihələrinin reallaşması istiqamətində də çalışır. Sədr məmnunluqla vurğulayıb ki, Yaponiyanın Azərbaycan iqtisadiyyatına böyük həcmdə investisiya yönəltməsi ilə yanaşı, respublikamızın həyata keçirdiyi nəhəng layihələrdə bu gündoğar ölkənin şirkətləri də yaxından iştirak edirlər.

İki ölkə arasında humanitar sahədə əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayan Oqtay Əsədov hazırda Bakı Dövlət və Azərbaycan Dillər universitetlərində 100-dən artıq tələbənin yapon dilinin incəliklərini öyrəndiyini qeyd edib.

İmperator əlahəzrət Akihito səmimi salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Azərbaycanlı gənclərin Yaponiyaya marağının onda məmnunluq hissi doğurduğunu vurğulayan İmperator bu gənclərin gələcəkdə dövlətlərimiz arasında münasibətlərin daha da inkişafına töhfələr verəcəyini bildirib.

Görüşdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və İmperator sarayının rəsmiləri də iştirak ediblər.

Bundan başqa, Oqtay Əsədovun rəhbərliyi ilə Yaponiyada rəsmi səfərdə olan parlament nümayəndə heyəti həmin gün baş nazir Şinzo Abe ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında humanitar, o cümlədən təhsil sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Baş nazir Şinzo Abe Azərbaycan nümayəndə heyətinin bu səfərinin Yaponiya mədəniyyətinin, tarixinin öyrənilməsi ilə yanaşı, iki ölkə arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacağına inandığını bildirib.

Yaponiyaya ilk rəsmi səfərə dəvətə görə təşəkkürünü bildirən Milli Məclisin sədri Oqtay Əsədov bu səfərin ölkələrimizin bütün sahələrdə əlaqələrinin inkişafı baxımından əhəmiyyətli olacağını qeyd edib. Azərbaycanda son illər həyata keçirilən sosial-iqtisadi islahatlar, o cümlədən beynəlxalq miqyaslı layihələr barədə məlumat verən Milli Məclisin sədri Yaponiyanın Azərbaycan iqtisadiyyatına bu günədək 5 milyard dollar investisiya yönəltdiyini xatırladıb. Qeyd edib ki, Yaponiya şirkətləri bu layihələrin həyata keçirilməsində də yaxından iştirak edirlər. Milli Məclisin sədri Yaponiya şirkətlərini yalnız neft sahəsində deyil, digər sahələrdə də əməkdaşlığa dəvət edib.

Yaponiya şirkətlərinin Azərbaycanda reallaşan layihələrdə fəal iştirakından məmnunluğunu bildirən Baş nazir Şinzo Abe ölkəsinin energetika sahəsi ilə yanaşı, digər sahələrdə də əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Baş nazir Şinzo Abe Milli Məclisin nümayəndə heyətinin Yaponiyaya səfərinin iki ölkənin parlamentləri arasında əməkdaşlığın genişlənməsində mühüm rol oynayacağını bir daha vurğulayıb.

Görüşdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Yaponiya ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Abel Məhərrəmov, deputatlardan Çingiz Əsədullayev, Aslan Cəfərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi