Mehriban Əliyeva bir sıra görüşlər keçirib

Mehriban Əliyeva bir sıra görüşlər keçirib Azərbaycanın birinci xanımına xatirə hədiyyəsi təqdim olunub
Xarici siyasət
29 Sentyabr , 2016 18:30
Mehriban Əliyeva bir sıra görüşlər keçirib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 29-da V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida ilə görüşüb.

"Report" xəbər verir ki, Azərbaycanın birinci xanımı Foruma dəvəti qəbul etdiyinə görə qonağa təşəkkürünü bildirib. Mehriban Əliyeva Forumun nəticələrinin həyata keçirilməsinin qarşıda duran mühüm məsələlərdən olduğunu vurğulayıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakı Beynəlxalq Humanitar Forumunu millətlərarası əməkdaşlıq üçün gözəl format adlandırıb.

Görüşdə Azərbaycan ilə UNESCO arasında mövcud əlaqələr müzakirə olunub.

Həmin gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri xanım Patrisia Ximenezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Əsas məqsədi sülh mesajı vermək olan bu Forumun ölkəmizlə daha yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyən Mehriban Əliyeva Azərbaycan ilə Argentina arasında dostluq əlaqələrinin qurulduğunu, daha geniş əməkdaşlıq üçün potensialın mövcudluğunu diqqətə çatdırıb, ölkəmizin hər zaman müxtəlif dinlərin və millətlərin nümayəndələrinin bir araya gəlməsinə çalışdığını bildirib. Gələcəkdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əlaqələrin daha da güclənəcəyinə əminliyini ifadə edən Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondu tərəfindən ölkələrimiz arasında gələcəkdə reallaşdırılacaq birgə layihələrə dəstək verməyə hazır olduğunu bildirib.

Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri Patrisia Ximenez Bakıya ilk dəfə səfər etdiklərini, şəhərin gözəlliyinin onlarda xoş təəssürat yaratdığını deyib.

Bu Forumun bir çox ölkələrin nümayəndələrinin, Nobel mükafatçılarının bir araya gələrək beynəlxalq miqyaslı bir platformaya çevrildiyini vurğulayan nümayəndə heyətinin üzvləri Argentina-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildiriblər. Qonaqlar ölkələrimizin mədəni əməkdaşlığına mühüm töhfə olacaq və Azərbaycan-Argentina münasibətlərinə həsr edilən muğam-tanqo festivalına hazırlıq görüldüyünü diqqətə çatdırıblar.

Sonda Azərbaycanın birinci xanımına xatirə hədiyyəsi təqdim olunub.

Eyni zamanda, sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Kolumbiya senatının vitse-prezidenti Daira de Yezus Qalvis Mendeslə görüşüb.

Bakı Beynəlxalq Humanitar Forumunun artıq beşinci dəfədir keçirildiyini deyən Mehriban Əliyeva bu tədbirdə iştirak edən ölkələrin sayının getdikcə artdığını bildirib. “Əsas odur ki, Forumun nəticələri həyata keçirilsin”, - deyən Azərbaycanın birinci xanımı tədbirdə diqqət mərkəzində duracaq məsələlərin bütün dünya üçün aktual olduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun prezidenti Kolumbiyanın Xocalı soyqırımını tanıyan 10 ölkədən biri olduğunu qeyd edərək Azərbaycan xalqının Kolumbiyanın bu addımını çox yüksək dəyərləndirdiyini diqqətə çatdırıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün ən böyük problem olduğunu bildirib.

Kolumbiya Konqresindən Forumda 3 senatorun iştirak etdiyini deyən Daira de Yezus Qalvis Mendes ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

Həmin gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliya Senatında Azərbaycan-İtaliya dostluq qrupunun sədri Mauro Mariya Marinonun rəhbərli etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanın birinci xanımı ölkəmizdə hökm sürən tolerantlıq mühitindən danışıb, bir neçə gündən sonra Roma Papası Fransiskin Azərbaycana səfər edəcəyini bildirib. Mehriban Əliyeva ölkəmizdə qeyd edilən bayramlarda bütün dinlərin nümayəndələrinin birgə iştirak etdiklərini, bunun dünyadakı bəzi stereotiplərin qarşısını almaq üçün cəmiyyətə bir mesaj olduğunu söyləyib. Fondun prezidenti Mehriban Əliyeva Azərbaycan-İtaliya əlaqələrinin nümunəvi xarakter aldığını, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliyada mədəni abidələrin qorunması və bərpasında yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Qonaqlar bu dəstəyə görə təşəkkürlərini bildirərək, belə layihələrin ikitərəfli əlaqələrin güclənməsinə xidmət etdiyini bildiriblər. Onlar 2019-cu ildə Avropanın mədəniyyət paytaxtı elan olunan qədim Mattera şəhərinin İçərişəhərlə qardaşlaşması təklifini irəli sürüblər.

Mehriban Əliyeva bunu gözəl təşəbbüs kimi dəyərləndirərək bu cür addımların regionlar arasında əlaqələrin qurulmasına yaxşı imkan yaratdığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi