MDB Parlamentlərarası Assambleyasının müşahidəçi missiyasının üzvləri Milli Məclisdə olublar

MDB Parlamentlərarası Assambleyasının müşahidəçi missiyasının üzvləri Milli Məclisdə olublar Qonaqlar referendumun beynəlxalq standartlara uyğun keçiriləcəyinə əminliklərini ifadə ediblər
Xarici siyasət
25 Sentyabr , 2016 17:31
MDB Parlamentlərarası Assambleyasının müşahidəçi missiyasının üzvləri Milli Məclisdə olublar

Bakı. 25 sentyabr. REPORT.AZ/ Sentyabrın 25-də Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Azərbaycanda keçiriləcək referendumu izləyəcək MDB Parlamentlərarası Assambleyasının müşahidəçi missiyasının üzvləri ilə görüşüb.

"Report" xəbər verir ki, Valeh Ələsgərov qeyd edib ki, müasir dövrdə vətəndaşlar seçki hüququna daha çox önəm verirlər. Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi vətəndaş cəmiyyətinin sifarişidir. Dünyada və regionda baş verən təhlükəli proseslərə qarşı sığortalanmaq ölkəmizdə prezidentlik institutunun və idarəetmənin gücləndirilməsini tələb edirdi.

MDB Parlamentlərarası Assambleyası ilə ölkəmiz arasındakı münasibətlərdən söz açan Milli Məclis sədrinin müavini bildirib ki, bundan əvvəl də dəfələrlə Azərbaycanda keçirilən seçki proseslərini izləyən təşkilatın müşahidəçi missiyasının üzvləri hər zaman obyektiv və ciddi yanaşma nümayiş etdiriblər.

Nümayəndə heyətinin rəhbəri, Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Federal Məclisin komitə sədri Dmitri Azarov, Qazaxıstan parlamentinin nümayəndəsi Serik Bekturqanov çıxışlarında obyektivliyin MDB Parlamentlərarası Assambleyasının müşahidəçilik missiyasının əsas xətti olduğunu bildiriblər. Artıq məntəqə seçki komissiyalarının formalaşması, yeni texnologiyaların tətbiqi, təqvim planlarının tərtib edilməsi və digər proseslərlə yaxından maraqlandıqlarını deyən qonaqlar sabah Azərbaycanda ümumxalq səsverməsinin beynəlxalq standartlara uyğun, şəffaf və ədalətli keçiriləcəyinə əminliklərini ifadə ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi