​Manfred Qrunke: "Azərbaycan Almaniyanın Cənubi Qafqazdakı ən vacib ticarət tərəfdaşıdır"

​Manfred Qrunke: "Azərbaycan Almaniyanın Cənubi Qafqazdakı ən vacib ticarət tərəfdaşıdır" "Ötən il Almaniya və Cənubi Qafqaz ölkələri arasındakı ticarətin 80 faizdən çoxu Azərbaycanın payına düşüb"
Xarici siyasət
9 İyun , 2016 00:54
​Manfred Qrunke: Azərbaycan Almaniyanın Cənubi Qafqazdakı ən vacib ticarət tərəfdaşıdır

Bakı. 9 iyun. REPORT.AZ/ "Azərbaycan Almaniyanın Cənubi Qafqazdakı ən vacib ticarət tərəfdaşıdır. Ötən il Almaniya və Cənubi Qafqaz ölkələri arasındakı ticarətin 80 faizdən çoxu Azərbaycanın payına düşürdü. Keçən il mal dövriyyəsi ümumiyyətlə 2,9 milyard avro təşkil edirdi. Təəssüf ki, bu rəqəm 2014-cü ilin göstəricisindən 10 faiz azdır. Almaniyanın ixracatı 12 faizdən çox, idxalatı isə 9 faiz azalıb".

"Report" xəbər verir ki, bunu Şərqi Avropa İqtisadi Əlaqələr Komitəsinin idarə heyətinin üzvü Manfred Qrunke Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda çıxışı zamanı deyib.

"Böhranlar dəyişikliklər vaxtıdır və həm də yeni imkanlar yaradır. Azərbaycan öz səhiyyəsini inkişaf etdirib, iqtisadiyyatında islahatlar keçirməyə qərar verib. Bunu edərkən Almaniyaya və alman şirkətlərinə öz tərəfdaşları kimi etibar edə bilər. Alman şirkətləri yerli tərəfdaşlarla işləməkdə maraqlıdır və bununla yerli bazara, yerli biznesə töhfə verir. Bu, böyük həcmdə ixracatdan daha faydalıdır. Bu, uzunmüddətli müştəri əlaqələri qurmaq deməkdir. Biz əlaqələrin bu yeni formasını dəstəkləyirik", - deyə o əlavə edib.

Manfred Qrunkenin sözlərinə görə, yaxın zamanda biznes forum təşkil olunacaq və onun çərçivəsində əməkdaşlıq müqavilələri imzalanacaq. O bunların biznes assosiasiyaları, maliyyə təşkilatları və şirkətlər arasında daha yaxın əməkdaşlıq sazişləri olduğunu diqqətə çatdırıb. Komitə üzvü bunların çox güclü mesaj olduğunu və Almaniyanı Azərbaycan ilə daha çox əməkdaşlıq növləri yaratmağa həvəsləndirməli olduğunu qeyd edib.

"Regiondakı sülh şəraitində inkişaf daim iqtisadi əməkdaşlığın əsas şərti olub. Bizə sabitlik və cəlbedici investisiya mühiti lazımdır. Əgər münaqişələr varsa, bunlar olmayacaq, münaqişələr iqtisadi inkişafa zərər verir. Almaniya-Azərbaycan Ticarət və Sənaye Palatası alman və Azərbaycan şirkətlərinə kömək etməyə daim hazır olan çox əhəmiyyətli tərəfdaşdır. Bizim komitə, həmçinin bir çox böyük tədbirlər təşkil edir. 2015-ci il oktyabrın 1-də komitə Bakıya faktaraşdırıcı missiya təşkil etdi və on şirkət bunda iştirak etdi, potensial əməkdaşlıq imkanları araşdırıldı. Ötən ilin sentyabrında biz Düsseldorfda Almaniya-Azərbaycan biznes konfransı təşkil etdik. Yanvarda isə Münxen Təhlükəsizlik Konfransında Şərqi Avropa Komitəsinin sədri ilə dövlət başçısı Əliyev arasında görüş baş tutdu. Mayın 17-də Azərbaycan ilə əməkdaşlıq mövzusunda “dəyirmi masa” təşkil edildi. Bu, əczaçılıq sənayesinə həsr edilmişdi və Şimali Vestfaliya investisiya təşkilatı və Şimali Vestfaliyanın İqtisadi Məsələlər üzrə Nazirliyi tərəfindən Berlində birgə təşkil olunmuşdu. Şərqi Əlaqələr Komitəsi, habelə ticarət və investisiya haqqındakı müzakirələrdə iştirak edirdi. Biz həm də Ticarət Nazirliyi ilə müzakirələr apardıq", - Manfred Qrunke əlavə edib.

Son xəbərlər

Orphus sistemi