Mahmud Məmmədquliyev: "Azərbaycan Aİ ilə münasibətləri daha yüksək səviyyəyə qaldırmağa hazırdır"

Mahmud Məmmədquliyev: "Azərbaycan Aİ ilə münasibətləri daha yüksək səviyyəyə qaldırmağa hazırdır" "Azərbaycan qazının Avropaya tranziti onun enerji təhlükəsizliyinin təminin olunmasında mühüm rol oynayır"
Xarici siyasət
25 Fevral , 2015 15:23

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan bu gün Aİ ilə strateji tərəfdaşlığın yeniləşdirilməsi haqqında hüquqi sənədin imzalanmasına hazırdır. 

"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev "ADA" Universitetində keçirilən və Litvanın Şərq Tərəfdaşlığındakı sədrliyinə həsr olunan dəyirmi masada çıxışı zamanı bildirib.

 "Bu gün Azərbaycan yalnız Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində əməkdaşlığı davam etdirməyə deyil, həm də Avropa ilə münasibətləri daha yüksək səviyyəyə qaldırmağa hazırdır. Azərbaycanın guya Avropa ilə əməkdaşlığın inkişafına artıq əhəmiyyət verməməsi haqqında fikirlər əsassızdır. Bizim hədəfimiz yüksək standartların və Aİ təcrübəsinin tətbiq edilməsidir", - M.Məmmədquliyev bildirib. 

O vurğulayıb ki, Aİ ilə əməkdaşlığın inkişafında ilk növbədə enerji əməkdaşlığı və strateji tərəfdaşlığın inkişafı nəzərdə tutulur. 

Nazir müavini qeyd edib ki, bu yaxınlarda Cənub Qaz Dəhlizi ilə bağlı ilk tədbir - layihənin həyata keçirilməsi haqqında müzakirələr keçirilib. 

"Azərbaycan qazının Avropaya tranziti onun enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Biz çox diqqətli olmalı və bu layihənin səmərəli şəkildə həyata keçməsi üçün bütün çağırışlara cavab verməliyik", - azərbaycanlı diplomat vurğulayıb. 

Azərbaycan və Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında danışan nazir müavini bildirib ki, viza rejiminin sadələşdirilməsi prosesi artıq 6 aydır gedir və Aİ bununla bağlı öz münasibətini bildirməlidir. 

O, həmçinin qeyd edib ki, bu yaxınlarda Azərbaycan və Aİ arasında rəsmi Bakının İttifaqın layihələrində iştirak etməsi ilə bağlı protokol imzalanıb. 

"Azərbaycan layihələrdə birbaşa iştirakını nümayiş etdirməlidir, bu da Aİ ilə münasibətlərə yeni nəfəs gətirəcək", - M.Məmmədquliyev qeyd edib. 

Son xəbərlər

Orphus sistemi