Los-Ancelesdə Azərbaycanın Respublika Günü təntənəli şəkildə qeyd olunub

Los-Ancelesdə Azərbaycanın Respublika Günü təntənəli şəkildə qeyd olunub Tədbir bədii hissə ilə davam edib
Xarici siyasət
27 May , 2016 10:07
Los-Ancelesdə Azərbaycanın Respublika Günü təntənəli şəkildə qeyd olunub

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan Demokratik Respublikasının yaradılmasının 98-ci ildönümü münasibətilə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tədbir keçirib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, ziyafətdə Los-Anceles şəhər və vilayətinin məsul əməkdaşları, ABŞ Dövlət Departamentinin rəsmiləri, eləcə də Azərbaycan, türk, yəhudi, Koreya və İran icmalarının fəalları iştirak ediblər.

Tədbir tanınmış opera müğənnisi, Qremmi mükafatına namizəd Demetra Mustafaoğlu tərəfindən Azərbaycan və ABŞ-ın dövlət himnlərinin ifası ilə başlayıb. Sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edib. O, Respublika Gününün Azərbaycan üçün xüsusi önəm daşıdığını, 98 il öncə məhz bu tarixdə İslam dünyasında ilk demokratik və dünyəvi respublikanın yaradıldığını qeyd edərək, bu möhtəşəm hadisənin Azərbaycan xalqının milli dövlətçilik ənənələrinin güclənməsində müstəsna rol oynadığını bildirib.

Sonra çıxış edən Kaliforniyanın xristian icmasının tanınmış din xadimlərindən olan yepiskop Xuan Karlos Mendez bir müddət əvvəl Azərbaycana səfər etdiyini, ölkəmizdən olduqca xoş təəssüratlarla döndüyünü, burada gördüyü güclü multikulturalizm və dinlərarası harmoniya ənənələrini yüksək qiymətləndirdiyini vurğulayıb.

Daha sonra Los-Anceles vilayətinin nümayəndəsi Lurdes Saab, Torrens Şəhər Şurasının üzvü Haydi Enn Eşkrəft, Orinc Vilayətinin nümayəndəsi Ceyms Koyl və Los-Anceles şəhər merinin nümayəndəsi Daniel Təmm çıxış edərək, bu əlamətdar gün münasibətilə Azərbaycan xalqını və ABŞ-da yaşayan Azərbaycan icmasını təbrik ediblər, Azərbaycanla bağlı öz xoş təəssüratlarını bölüşüblər.

Tədbir gənc müğənni Çingiz Mustafayevin ifası ilə davam edib.

Son xəbərlər

Orphus sistemi