Bakı. 22 iyul. REPORT.AZ/ İsrailin Azərbaycandakı səfiri Dan Stav İsmayıllı-Ağsu-Şamaxı rayonlarına səfər edib.
İsrailin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfərin məqsədi iqtisadiyyatın şaxələndirilməsi istiqamətində hökümətin həyata keçirdiyi səylərlə ilkin tanış olmaq, İsrail və bu üç rayon arasında dayanıqlı əməkdaşlığı inkişaf etdirmək üçün qarşılıqlı maraq kəsb edən sahələri qiymətləndirmək və xüsusilə kənd təsərrüfatı, turizm, su idarəçiliyi, informasiya texnologiyaları sahələrində əməkdaşlığı genişləndirmək barədə müzakirə aparmaq olub.
Səfər zamanı səfir hər üç rayonun İcra Hakimiyyətinin başçıları ilə müzakirələr aparıb, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi, İvanovka, Lahıc kəndi, Ağsuda şərab istehsalı zavodunu ziyarət edib və ona Şamaxı Astrofizika Rəsədxanasının işı ilə bağlı məlumat verilib.
Səfər çərçivəsində səfir həmçinin "Cümə" məscidini də ziyarət edib və burada ona İslamda tolerantlıq, Azərbaycanda dinlərarasında mövcud olan harmoniya barədə məlumat verilib.
D.Stav öz növbəsində Azərbaycanda multikulturalizmin təmin etmək üçün hökumətin göstərdiyi səylərdən heyran olduğunu bildirib.