İsrail səfiri: "Türkiyə ilə münasibətlərin normallaşması regional sabitliyin möhkəmlənməsinə töhfə verəcək"

İsrail səfiri: "Türkiyə ilə münasibətlərin normallaşması regional sabitliyin möhkəmlənməsinə töhfə verəcək" "İsrail və Türkiyə Qəzzanın su və elektrik təchizatının yaxşılaşdırılması üçün birgə çalışacaq"
Xarici siyasət
29 İyun , 2016 10:34
İsrail səfiri: Türkiyə ilə münasibətlərin normallaşması regional sabitliyin möhkəmlənməsinə töhfə verəcək

Bakı. 29 iyun. REPORT.AZ/ "İsrail və Türkiyə arasında saziş İsrail dövlətinin təhlükəsizliyi və iqtisadi inkişafı üçün strateji əhəmiyyət kəsb edir, eləcə də regional sabitliyin möhkəmlənməsinə töhfə verəcək".

Bunu "Report"a açıqlamasında Türkiyə və İsrail arasında əlaqələrin bərpa olunmasını şərh edərkən İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

Onun sözlərinə görə, İsrail və Türkiyə regionda vacib ölkələrdir və onlar arasındakı mübahisənin həll olunması Yaxın Şərqdəki qeyri-sabitlik dövründə daha yaxşı vəziyyət formalaşdırmağa imkan yaradacaq.

D.Stav bildirib ki, saziş Türkiyə torpaqlarında "Həmas"ın heç bir terror və hərbi fəallığının olmayacağına dair zəmanət verir: "Eyni zamanda saziş İsrailin Qəzza sektoruna humanitar yardımla bağlı siyasətini qoruyub saxlayacaq. Humanitar və mülki yüklər Aşdod limanında boşaldılacaq və oradan Qəzzaya göndəriləcək. İsrail və Türkiyə Qəzzanın su və elektrik təchizatının yaxşılaşdırılması üçün birgə çalışacaq".

Səfir, həmçinin qeyd edib ki, bu saziş iqtisadi və energetika sahələrində əməkdaşlıq üçün imkanlar açır: "İsrailin qaz ehtiyatları Türkiyə vasitəsilə Avropaya nəql edilə bilər".

Qeyd edək ki, iyunun 28-də Türkiyə və İsrail münasibətlərinin normallaşması haqqında saziş imzalayıb. Türkiyə tərəfdən sazişə Ankarada Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu imza atıb. Eyni sənəd eyni anda Tel-Əvivdə İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Dore Qold tərəfindən imzalanıb. Saziş sənədin Türkiyə Böyük Millət Məclisi və İsrail hökuməti tərəfindən təsdiq edilməsindən sonra qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi