İlham Əliyev: "Azərbaycan həmişə Şərqlə Qərb arasında körpü rolunu oynayıb"

İlham Əliyev: "Azərbaycan həmişə Şərqlə Qərb arasında körpü rolunu oynayıb" "Bu, həm coğrafi, eyni zamanda, mənəvi körpüdür"
Xarici siyasət
2 Oktyabr , 2016 16:46
İlham Əliyev: Azərbaycan həmişə Şərqlə Qərb arasında körpü rolunu oynayıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ "İctimai-siyasi quruluşdan asılı olmayaraq, bizim diyarımızda həmişə sivilizasiyalar qovuşub, həmişə Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayıb".

"Report" xəbər verir ki, bu sözləri Heydər Əliyev Mərkəzində Roma Papası Fransiskin Azərbaycana səfəri ilə əlaqədar keçirilən mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda əsrlər boyu bütün dinlərin, xalqların nümayəndələri sülh, ləyaqət, mehribanlıq şəraitində yaşayıblar və bu gün də belədir:

"İctimai-siyasi quruluşdan asılı olmayaraq, bizim diyarımızda həmişə sivilizasiyalar qovuşub, həmişə Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayıb. Bu, həm coğrafi, eyni zamanda, mənəvi körpüdür. Azərbaycanda bütün dinlərin tarixi abidələri qorunub bərpa edilir. Azərbaycan çox qədim diyardır. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri – 743-cü ildə tikilmiş Şamaxı Cümə Məscidi Azərbaycanda yerləşir. Eyni zamanda, bölgəmizin ən qədim kilsələrindən biri – Qafqaz Albaniyası Kilsəsi də Azərbaycanda yerləşir. Bakıda qədim Atəşpərəstlər Məbədi var. Eyni zamanda, pravoslav, katolik kilsələri, sinaqoqlar dövlət tərəfindən qorunur və bərpa edilir".

Prezident, həmçinin 2008-ci ildə Vatikan-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar hadisənin baş verdiyini xatırladıb:

"Biz 2008-ci ildə Bakıda Katolik Kilsəsinin açılışını qeyd etmişdik. Bakıda Katolik Kilsəsi 1912-ci ildə inşa edilib. Ancaq 1934-cü ildə sovet hakimiyyəti tərəfindən o kilsə dağıdılıb. Digər dini abidələr kimi, məscidlər, pravoslav kilsələri, sinaqoqlar da dağıdılıb. Müstəqil Azərbaycan dövləti qərar qəbul etdi ki, Bakıda Katolik Kilsəsi yenidən tikilsin və bu gün səhər, zati-müqəddəsləri, siz o kilsədə dini mərasim keçirmisiniz. Bu, əlamətdar hadisədir. İlk növbədə, biz tarixi ədalətsizliyi aradan qaldırdıq. Digər tərəfdən, bu, Azərbaycanda yaşayan katoliklər üçün çox böyük hədiyyə oldu".

İlham Əliyev bildirib ki, bu gün Azərbaycanda dinlərarası, xalqlararası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır.

"Bunu təkcə biz demirik. Azərbaycan reallıqları ilə tanış olan bütün xarici nümayəndələr də bunu qeyd edirlər. Biz bir çox təşəbbüsləri irəli sürmüşük. Onların arasında “Bakı prosesi” artıq dünyada böyük şöhrət qazanmışdır. “Bakı prosesi” 2008-ci ildə başlamışdır. Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzvdür. 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısına biz müsəlman ölkələrinin mədəniyyət nazirlərini dəvət etdik. Tarixdə ilk dəfə idi ki, iki qurum arasında əlaqə yarandı və bu əlaqəni biz yaratdıq. 2009-cu ildə isə Bakıda müsəlman ölkələrinin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasından nazirləri dəvət etdik. Beləliklə, bu prosesə “Bakı prosesi” adı verildi. Bu gün ölkəmizdə “Bakı prosesi” çərçivəsində bir çox beynəlxalq tədbirlər keçirilir. Onların içində Dünya Dini Liderlərinin Zirvə görüşünü qeyd etmək olar. İki gün bundan əvvəl V Bakı Beynəlxalq Humanitar Forumu öz işini başa vurdu və bu Forumun əsas mövzularında biri multikulturalizmdir. İki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumu keçirilir", - deyə ölkə başçısı söyləyib.

O, qeyd edib ki, bu təşəbbüslərin həyata keçirilməsində məqsəd bütün dinlərin nümayəndələrinin bir-biri ilə əməkdaşlıq etməsi, qarşıdurmaya yol verilməməsidir:

"Bizim bu sahədəki uğurlu fəaliyyətimizi nəzərə alaraq BMT qərar qəbul edib ki, bu beynəlxalq qurumun Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Bakıda keçirilsin. Biz bu il bu Forumu Bakıda böyük müvəffəqiyyətlə keçirdik.

Belə tədbirlərin keçirilməsi ilk növbədə bizim özümüzə, insanlarımıza lazımdır. Çünki bu, bizim cəmiyyətimizə göndərilən çox müsbət bir mesajdır. Digər tərəfdən, bu, bütün dünyaya lazımdır. Əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində dini, milli zəmində müharibələr, münaqişələr, qarşıdurmalar güclənir. Biz isə belə təşəbbüsləri irəli sürərək göstəririk ki, birgə yaşamaq mümkündür, bir-birinə hörmət etmək lazımdır. Öz dininə hörmət edən mütləq başqasının dininə də hörmətlə yanaşmalıdır".

Prezident 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu qonağın diqqətinə çatdırıb. O bildirib ki, "bizim üçün multikulturalizm həm həyat tərzidir, həm dövlətimizin apardığı siyasətdir. Multikulturalizm ideyalarının təbliği işində Azərbaycan dünya miqyasında çox önəmli rol oynayır".

"Əfsuslar olsun, bəzi xadimlər, siyasətçilər, liderlər multikulturalizmlə bağlı bədbin fikirlər söyləyirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu, çox təhlükəli və yanlış fikirlərdir. Biz isə Azərbaycanda sübut edirik ki, multikulturalizm yaşayır, inkişaf edir və ölkəmizi irəliyə aparır. Multikulturalizmin ünvanlarından biri Azərbaycandır. Fəxr edirik ki, biz çoxmillətli, çoxkonfessiyalı ölkəyik. Azərbaycanda bütün dinlərin nümayəndələri ləyaqətlə yaşayırlar. Onlar ölkəmizin dəyərli vətəndaşlarıdır və bizim ümumi inkişafımıza böyük töhfələr verirlər", - deyə İlham Əliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi